PFL-in (Peşəkar Döyüşçülər Liqası) yüngül çəki dərəcəsi üzrə çempionu Usman Nurmaqomedov UFC-yə keçəcəyi təqdirdə bu çəki kateqoriyasına azarkeş marağını yenidən artıracağına inandığını bildirib.
Rusiyalı döyüşçü UFC-nin yüngül çəkidə əvvəlki populyarlığını itirdiyini düşünür və bunu məşhur döyüşlərlə müqayisə edib: “Düzünü desəm, İlya Topuria ilə Castin Geycinin döyüşünün nə vaxt keçiriləcəyini belə bilmirəm. Həbiblə Konor döyüşəndə isə bundan uşaqlar da, analar da, nənələr də danışırdı. Mədəniyyətindən asılı olmayaraq hamının diqqəti həmin qarşılaşmada idi. İndi isə Ağ Evdə keçiriləcək böyük turnirə baxmayaraq, əsas döyüşdə Topuriyanın yer aldığı tərəfi demək olar ki, heç kim müzakirə etmir. UFC-də yüngül çəkiyə marağın niyə azaldığını bilmirəm. Amma ora gəlsəm, bunu dəyişəcəyəm”.
Xatırladaq ki, Usman karyerası ərzində keçirdiyi 22 döyüşün 21-də qalib gəlib. 1 görüşün nəticəsi isə ləğv olunub.






