2007-ci ildə “Kral yarışları”nda mübarizə aparmış Formula-1-in sabiq komandası “Spayker”, dözümlülük yarışları da daxil olmaqla, avtoidmana qayıtmaq imkanlarını nəzərdən keçirir. Niderland istehsalçısının əsas hədəflərindən biri “Le-Manın 24 saatı” marafonuna qayıtmaqdır.
“Əgər yenidən başlayırıqsa, deməli, Le-Mana da qayıdırıq. Bununla belə, avtoidmana qayıdış uzaq gələcəyin məsələsidir. Üç ildən sonra start xəttində olacağımızı deyə bilmərəm. Bu, daha çox vaxt apara bilər”, — deyə “Spayker”in heyətində Le-Manda çıxış təcrübəsi olan niderlandlı pilot Yerun Blekemolen bildirib.
1999-cu ildə təsis edilmiş “Spayker” şirkəti 2006-cı il mövsümünün sonunda “Midlend” komandasını satın alaraq Formula-1-ə gəlib, 2007-ci ildə isə hindistanlı milyarder Vicey Mallyaya satılıb və 2008-ci ildən etibarən “Fors İndiya” adı altında çıxış etməyə başlayıb. “Kral yarışları” ilə yanaşı, “Spayker” dözümlülük yarışlarında, o cümlədən sonuncu dəfə 2010-cu ildə qatıldığı “Le-Manın 24 saatı” marafonunda da iştirak edib.
Diqqətçəkən məqam odur ki, “Spayker”in 2021-ci ildəki müflisləşməsi şirkətin planlarına mane olmayıb. 2022-ci ildə o, idman avtomobillərinin istehsalına qayıtdığını elan edib. Bu il Pebbl-Biçdəki eleqantlıq müsabiqəsində premyerası gözlənilən “C8 Preliator” superkarı üçün yeni şassi və mühərrik yarış bolidinin əsasını da təşkil edə bilər.






