Yay fasiləsində heyətinə hələ ki, Jurgen Elitim, Amine Butrah və Azərbaycan millisinin futbolçusu Toral Bayramovu qatan Türkiyənin “Bursaspor” klubu “transfer bombası partlatmağa” hazırlaşır.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, I Liqaya yüksələn bursalılar hücum xəttini ulduz futbolçu ilə gücləndirə bilər. Belə ki, İtaliya millisinin sabiq forvardı Stefan El Şaravi menecerlər tərəfindən “Bursaspor”a təklif edilib.
Geridə qalan mövsümü “Roma”da keçirən 33 yaşlı oyunçu artıq azad agent statusu daşıyır. Tərəflər arasında şifahi danışığa start verilib. Keçid reallaşarsa, Toral yeni mövsümdə El Şaraviyə komanda yoldaşı olacaq.
Qeyd edək ki, Toral Bayramov bir neçə gün əvvəl “Qarabağ”dan “Bursaspor”a transfer edilib.






