2030-cu il Olimpiadasının Təşkilat Komitəsi Fransa Alplarında keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının loqolarını təqdim edib.
Təşkilat komitəsinin rəhbəri Edqar Qrospironun sözlərinə görə, bu iki emblemin birliyi Alpların dağlarını və işığını rəmzləşdirərək vahid bir kimliyi formalaşdırır.
“Eyni dağ 2030-cu ildəki qış Olimpiya və Paralimpiya oyunlarını birləşdirəcək. Məhz buna görə də bizim hər iki emblemimiz eyni baxış bucağının bir-birini tamamlayan ifadələri kimi düşünülüb. Onlar birlikdə bizim cəhdlərimizi təcəssüm etdirir: olimpizm və paralimpizmə eyni yeri, gücü və təsəvvürü vermək.
Biz böyük tədbirlər təşkil etməyi bacarırıq. Bunu artıq sübut etmişik. Bizim təcrübəmiz, insanlarımız və infrastrukturumuz var”, – deyə Qrospiron bildirib.
“Alplar-2030” qış Olimpiya və Paralimpiya oyunlarının emblemlərində dağlıq bölgələrin iki elementindən — işıq və buzdan ilhamlanan rəng çalarlarının qamasından istifadə olunub. Tünd göy və mavi rənglər hündürlüyü, dərinliyi, sabitliyi və üfüqü xatırladır.
Qırmızı və çəhrayı isə günəş işığının dağ zirvələrini isitdiyi və mənzərəyə can verdiyi anları yenidən canlandırır. Onlar həm tədbirin enerjisini, həm də idman ruhunu təmsil edir”, – deyə Təşkilat komitəsinin izahatında qeyd olunur.





