Futbol üzrə dünya çempionatında 1/16 finalın son iki matçı keçirilib. Favoritlər qələbə qazansa da, bunun üçün xeyli əziyyət çəkiblər.

Argentina Kabo Verdeni çətinliklə məğlub edib. Mayami stadionunda keçirilən matda dünya çempionları 3:2 hesablı qələbəyə seviniblər.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Argentinanın heyətində Lionel Messi (29), Kabo Verdedə Deroy Duarte (59) fərqləniblər. Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin qolları Lisandro Martines (92) və Dineyin (111-öz qapısına) adlarına yazılıb. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub.

Kolumbiya da minimal fərqlə üstün olub. Kanzasda keçirilən oyunda Cənubi Amerika təmsilçisi Qananı tək qolla yenib. 14-cü dəqiqədə Con Arias fərqlənib.

Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksəlməyi bacaran Argentina Misirlə, Kolumbiya İsveçrə ilə üz-üzə gələcək.

Shares: