“Şamaxı”nın sabiq müdafiəçisi Vladislav Veremeyevin futbolinfo.az saytına bugünkü açıqlaması şübhələrə əsas verir. Ermənistan klubu “Urartu”ya keçən ukraynalı Azərbaycandan ayrılmasına məyus olub və qəzəbli danışıb.

Onun xüsusilə “Araz-Naxçıvan”dan şikayətçi olmasının isə səbəbi var.

SİTAT: “Mənə “Araz-Naxçıvan”la müqavilə vəd etmişdilər, amma sonradan bunun baş tutmayacağını dedilər. Bunu hörmətsizlik hesab edirəm. İndoneziyadan futbolçular transfer edirlər, amma Azərbaycanda bir il yarım oynamış məni nəzərə almırlar”.

Ukraynalı müdafiəçinin xüsusilə “Araz-Naxçıvan”la bağlı qəzəbli danışmasının səbəbi müştərisi olduğu şəxsdir. İndiyədək bu klubun transferlərində əsas söz sahibi olan, yaxınlarda isə muxtar respublika təmsilçisinə prezident təyin edilən Ceyhun Sultanov Vladislavı yaxşı tanıyır. Təsadüfi deyil, onu “Şamaxı”ya bir əlində beş qarpız saxlayan Sultanov gətirmişdi. Görünür, o, verdiyi vədə xilaf çıxıb.

Bu açıqlama əslində başqa mətləblərə də işıq salır. Bəlkə də Veremeyev “Şamaxı”da çıxış edərkən naxçıvanlılardan vəd almaqla onlara qarşı zəif oynamağa stimullaşdırılıb? Təsadüfi deyil, mövsüm boyu hamıya problem yaradan şamaxılılar məhz “Araz-Naxçıvan”la görüşlərdə zəif təsir bağışlayıb – 1 heç-heçə, 2 məğlubiyyət. Həm də naxçıvanlıların sonuncu qələbəsinə 3-cü dövrədə məhz Veremeyev avtoqolla töhfə verib.

Çox şübhəli məqamdır və Sultanovun komisyon haqqı aldığı futbolçu yalnız Veremeyev deyildi. Onun digər klublarda da müştəriləri var. “Araz-Naxçıvan”ın “Qəbələ” ilə oyunlarına diqqət yetirmək, rəqib düşərgədəki İbrahim Sanqarenin həmin görüşlərdə nə etdiyinə baxmaq lazımdır. Bəlkə bölgə təmsilçisinin mövsüm boyu son pillələrdən qurtula bilməməsində bu amil də rol oynayıb. İddia deyil, şübhədir, amma ciddi şübhə…

Sultanovla qərəzimiz yoxdur, amma onun etdiklərinin ədalətli futbola yaraşmadığını yazmalıyıq. Eyni sözləri “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev haqda da illərdir yazırıq. Adam bir klubun rəhbəridir, çempionatdakı rəqibləri üçün oyunçu, məşqçi gətirir. Hər şeyin təmiz olduğna kim zəmanət verə bilər?

Veremeyevin açıqlamasını hələ Sultanovla münasibətlərinin qırılması kimi də qəbul etməməliyik. Bəlkə Ceyhun bəy ondan prezdent olduğu klubda yaxşı komisyon haqqı ala bilməyəcəyindən, “məşqçilər istəmir” deyərək vəziyyəti dəyişib. Bəlkə Sultanov elə erməni klubu ilə əlaqəyə girib, transferin reallaşmasında rol oynayıb? Baxmayaraq ki, Veremeyev özü bunu təkzib edir.

Ölkə futboluna nizam gətirilməsi lazımdır. Menecerlərin klub rəhbərliyinə gətirilməsinin qarşısı alınmalı, bu postda olanlar uzaqlaşdırılmalıdır. Digər klublar da müqavilə bağlayarkən gətirdiklər oyunçuların bağlılıqlarını araşdırmalıdır.

ABBAS

Shares: