Mövsümün sonunda “Şamaxı”dan ayrılan Vladislav Veremeyev Ermənistan klubu “Urartu”ya keçməsindən danışıb.

Futbolinfo.az saytına açıqlama verən müdafiəçi Azərbaycan klublarının onu istəməməsindən şikayətlənib: “Ermənistana getməyimin səbəbini soruşmaqdansa, niyə Azərbaycan klublarının mənə ehtiyac duymadığını araşdırın. Mövsümü yaxşı keçirmişdim və güclü komandaya keçmək istəyirdim. Azərbaycanlı üç agentlə danışdım. Bəlkə də pul istəyirdilər, bilmirəm. Hamısı mənə dedi ki, Azərbaycanda mənə ehtiyac yoxdur. Mən səhv nəsə etdiyimi düşünmürəm”.

Futbolçu əlavə edib ki, “Qarabağ”, “Sabah” və “Neftçi” istisna olmaqla, əksər Azərbaycan klubları ilə danışıq aparıb: “Şamaxı” məni komandada saxlamaq istəyirdi, amma süni örtükdə oynamaq istəmirdim. Uzun müddət belə meydançalarda çıxış etmişəm və bu, çox çətindir”.

O, xüsusilə “Araz-Naxçıvan”ın ona əvvəlcə müqavilə vəd etdiyini, sonradan isə fikrini dəyişdiyini bildirib: “Mənə “Araz-Naxçıvan”la müqavilə vəd etmişdilər, amma sonradan bunun baş tutmayacağını dedilər. Bunu hörmətsizlik hesab edirəm. İndoneziyadan futbolçular transfer edirlər, amma Azərbaycanda bir il yarım oynamış məni nəzərə almırlar”.

Futbolçunun sözlərinə görə, “Şəfa” klubu ilə də danışıq aparılıb, lakin həmin klub da onun xidmətində maraqlı olmadığını bildirib.

Shares: