Estafeti Riad Rəfiyev ələ aldı. 2023-cü ildə Elxan Məmmədovun dəstəsinə qoşulduqdan sonra müxtəlif vəzifələrdə çalışan Adil Şükürova indi də “Sumqayıt”ın menecer-prezidenti qucaq açdı.

AFFA-nın sabiq icraçı vitse-prezidentinin digər sevimli kadrı Cahangir Həsənzadənin “Sumqayıt” Futbol Akademiyasına rəhbər təyin olunacağı gözlənilsə də, son anda qərar dəyişdi. Düzdür, vəzifəyə gələn ad başqadır, amma cütlüyün mənsub olduğu komanda eynidir. Şükürov bir neçə ildir daxil olduğu dəstədə qayğı görməkdə davam edir.

Doğrusu, Adil bəyin “Sumqayıt”da iş başına gəldiyini öyrənəndə hansı komandanın üzvü olduğunu bildiyimdəm təəccüblənmədim. Amma sıravi azarkeşdə mütləq sual yaranmalıdır – getdiyi hər yerdə uğursuz olan biri niyə bu qədər əzizlənir; bir işlə vidalaşan kimi başqa bir yerdə ona şərait yaradılır? Azərbaycanda onlarla PRO kateqoriyalı mütəxəssis illərlə iş gözlədiyi halda Şükürova bu qədər “kəskin tələbat”ın səbəbi nədir?

Adil bəy sıradan futbolçu olub. AZAL, “Şəfa”, “Bakılı”, “Kəpəz”, “Karvan”, “Gənclərbirliyi” kimi dövrünün ortabab və zəif komandalarında çıxış edib. Heç vaxt onu iddialıların heyətində görməmişik. Məşqçi kimi akademiya və gənclər futbolu sahəsində təcrübəsi var. O, “Bakı” Futbol Akademiyasında müxtəlif yaş qrupları ilə işləyib. Daha sonra Azərbaycanın U-15 və U-17 yığmalarının məşqçilər korpusunda çalışıb.

2015-16-cı illərdə “Zirə”nin baş məşqçisi olan Şükürova bir müddət heç kim ehtiyac duymayıb. Bir də 2019-cu ildə “Şüvəlan”da qısa müddət gözə dəyib. Klublar ona yalnız 2021-ci ildən başlayaraq davamlı dəvət göndərib. Və bütün dəvətlərdə – yığmalarda olduğu kimi – Elxan Məmmədov imzası var.

Foto6 - Futbolinfo.az

2021-ci ilin aprelində “Turan Tovuz” Futbol Akademiyasına rəhbər təyin olunan, daha sonra akademiyanın koordinatoru vəzifəsində işləyən Şükürov il yarım burada qərar tutub. O zaman qərblilər birbaşa sabiq icraçı vitse-prezidentin kurasiyasında idi, əsas işi də Məmmədovun adamı Oqtay Abdullayev aparırdı.

Adil bəyin məşqçi kimi Premyer Liqa komandasına dönüşü 2023-cü ilə təsadüf edib. O, həmin vaxt Məmmədovun barmağının işarəsi ilə idarə olunan digər kluba – “Kəpəz”ə baş məşqçi təyin olunub. İlk ilində onun işi uğurlu alınıb, çətin vəziyyətdə olan komandada 24 rəsmi oyunda 8 qələbə, 4 heç-heçə və 12 məğlubiyyət əldə edib. Lakin zaman göstərir ki, mövsümə uğursuz başlayıb sonra vəziyyətdən çıxmaq gəncəlilərin adətidir, Adil bəy heç də mümkünsüzü reallaşdırmayıb. Təsadüfi deyil, növbəti mövsümün əvvəlində “Kəpəz” bu dəfə Şükürovla bərbad starta imza atıb və onu işdən çıxarıblar, xələfi isə komandanı elitada saxlamağı bacarıb.

Məmmədov ona iş üçün müraciət edən Adil bəyi 2025/2026 mövsümünün əvvəlində yenidən “Kəpəz”ə təyin etdirib. Nəticə yenə fiasko olub, komanda çemponata faciəvi start verib və nəticələri düzəltmək üçün yenə başqa məşqçinin gəlişinə ehtiyac duyulub.

Adil bəyin növbəti dayanacağı yenə Elxan Məmmədovun sözünün qanun olduğu başqa bir klub – “Səbail” olub. Ötən mövsümün gedişində ikinci pilləni tutacağına şübhə olmayan, hətta büdcəsinə görə zirvəyə layiq “dənizçilər” yekunda hətta pley-offa qalmağı bacarmadı. Bəlkə də klub satılmasaydı, Məmmədov yenə onu postunda saxlatdıracaqdı.

Və bütün uğursuz nəticələrə rəğmən, Adil bəy heç bir ay işsiz qalmadı. Dünən bəlli oldu ki, “Sumqayıt” Futbol Akademiyası ona tapşırılıb. Şükürov burada da uğursuz olsa, növbəti dayanacağı “Araz-Naxçıvan” olmalıdır. Məmmədov karuseli tam fırlatdıqdan sonra nəyin baş verəcəyinə baxacağıq. Yəqin ki, Şükürovun işləməsi üçün Elxanın daim əlinin altında hansısa klub olmalıdır. Əks halda, ona dəvət göndərən olmayacaq.

Təbii ki, Adil bəy də işləməlidir. Amma onun təyinatları bacarığına görə sıralanmalıdır, kiminsə adamı olmasına görə yox. Daha bacarıqlı olub iş tapa bilməyən o qədər mütəxəssis var ki…

Məmmədov illərdir Azırbaycan futbolunun kökünə belə balta çalıb. Yaşar Vahabzadə, Babək Alxasov, Cahangir Həsənzadə, Ceyhun Sultanov, Zaur Axundov, Riad Rəfiyev, indi AFFA-nın yeni rəhbərliyinə özünü mələk kimi sırımağa çalışan Vaqif Sadıqov, Bernard Lippert və daha kimlər… Onlar bacarığına yox, adamın adamı olmasına görə daim iş başında olub, rəqabətə, layiqlilərin iş başında olmasına gərək duyulmayıb.

FƏRİD

Shares: