Əlcəzair yığmasının DÇ-2026-nın 1/16 final mərhələsində İsveçrəyə 0:2 hesabı ilə məğlub olduğu matçda buraxılan səhvlər komandaya baha başa gəlib. Bunu oyundan sonra komandanın baş məşqçisi Vladimir Petkoviç deyib.

Baş məşqçi matçda buraxılan qollar və komandanın ümumi müdafiə oyunu barədə danışıb: “Məğlubiyyəti mütləq şəkildə yalnız müdafiə xəttinin üzərinə yıxmaq olmaz, lakin bütövlükdə komanda olaraq qorunmaq forması çox baha başa gəldi. Hər dəfə 1-ci səhv ediləndə qapımızdan qol keçdi. Rəqibin 3 imkanı oldu və onlardan 2-ni qola çevirdi. Daha çox şans yaradılsa da, təəssüf ki, reallıq belədir”.

Uzun illər İsveçrə futbolunu yaxından tanıyan və 7 il bu ölkənin yığmasını çalışdıran 62 yaşlı mütəxəssis dünya çempionatındakı səviyyənin son dərəcə yüksək olduğunu bildirib: “Dünya çempionatına qədər çox yaxşı müdafiə olunurduq və az qol buraxırdıq, lakin bu turnirdə səviyyə olduqca yüksəkdir. Buna görə də daha diqqətli olmaq və bu səviyyəyə daha çox uyğunlaşmaq lazım idi. 12 illik fasilədən sonra belə bir yarışa qayıtmaq artıq böyük uğur idi. Tarixdə cəmi 2-ci dəfə qrup mərhələsini adlamaq da əla nəticədir”.

Serb çalışdırıcı komandanın ümumi çıxışından razı qaldığını və daha yaxşı oynayan rəqibə uduzduqlarını vurğulayıb: “Əlbəttə ki, daha çox şeyə nail olmaq istənilirdi, lakin bu mümkün olmadı. Meydana çıxan çatışmazlıqlardan dərs çıxarmaq lazımdır, lakin oyunlarda çoxlu sayda müsbət məqamlar da qeydə alındı”.

Shares: