“Karvan-Yevlax”ın portuqaliyalı sabiq qapıçısı Pedro Mateuşun futbolinfo.az saytına müsahibəsi

– “Karvan-Yevlax”dan ayrıldıqdan sonra hələ də klubsuzsunuz. Futbol karyeranızı harada davam etdirməyi planlaşdırırsınız? Azərbaycanın digər klublarından təklif almısınız?

– Hazırda bir neçə təklifim var və mənim üçün ən doğru variantın hansı olduğunu müəyyənləşdirmək üçün daha bir neçə günə ehtiyacım var. Azərbaycana gəlincə isə, ölkənizdən hələlik konkret təklif olmayıb. Yalnız adımın bir neçə klubla hallandığı barədə bəzi şayiələr var, amma rəsmi səviyyədə heç nə yoxdur.

– “Karvan-Yevlax” son mövsümün yekunlarına əsasən, Premyer Liqanı tərk etdi. Sizcə, komandanın aşağı liqaya düşməsinin əsas səbəbi nə oldu?

– Düşünürəm ki, bunun tək bir səbəbi yox idi. Mövsüm ərzində bir sıra çətinliklərlə üzləşdik və sonda hər şeyi kiçik detallar həll etdi. Yaxşı oyunlarımız oldu və rəqabət apara bildiyimizi göstərdik. Təəssüf ki, Premyer Liqada yerimizi qorumaq üçün kifayət qədər sabit çıxış edə bilmədik.

– “Karvan-Yevlax” aşağı liqaya düşsə də, siz komandanın heyətində inamlı çıxışınız və mövsüm ərzində etdiyiniz çoxsaylı qurtarışlarla diqqət çəkdiniz. Azərbaycandakı çıxışınızdan tam razı qaldınızmı?

– Şəxsi baxımdan mənim üçün müsbət mövsüm keçdi və bir çox oyunda komandama kömək edə bildiyim üçün sevinirəm. Təbii ki, qapıçı olaraq həmişə geriyə boylanır və daha yaxşı edə biləcəyiniz epizodları düşünürsünüz. Buna görə də heç vaxt öz çıxışımdan tam razı qalmıram. Həmişə inkişaf etmək üçün yer var. Amma ümumilikdə performansımdan məmnunam.

– Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsiniz? Əgər onu Portuqaliyanın II Liqası ilə müqayisə etsək, hansı fərqlər var?

– Azərbaycan Premyer Liqası rəqabətli və fiziki cəhətdən tələbkar çempionatdır. Aparıcı komandalar keyfiyyətli futbolçulara malikdirlər, yaxşı təşkilatlanıblar. Azərbaycan çempionatını Portuqalinın Premyer Liqadan aşağı səviyyədə olan liqaları ilə müqayisə etsək, əsas fərqlər taktiki intizam və fiziki mübarizənin intensivliyidir. Azərbaycanda bir çox oyunlar gərgin keçir və matçların taleyini kiçik detallar həll edir.

– Azərbaycan çempionatında qarşılaşdığınız ən çətin hücumçu kim oldu? Və liqamızda ən bəyəndiyiniz qapıçılar hansılar idi?

– Mənim üçün ən çətin rəqiblərdən biri “Qarabağ”ın hücumçusu Kamilo Duran idi. “Sabah”ın üzvü Velko Simiç də çox keyfiyyətli futbolçudur. Bundan başqa, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov da mənə görə yüksək səviyyəli oyunçudur. Qapıçılara gəlincə, “Şamaxı”nın formasını geyinmiş Rikardo Fernandes, həqiqətən də, çox yaxşı idi. Amma “Zirə”nin heyətində Tiaqo Silva və “Kəpəz”də Yusif İmanov da möhtəşəm təsir bağışladılar. Hər üçü əsl canavar idi.

CAVAD

Shares: