“Qələbə qazansaq da, tam razı qalmadıq. Hesab daha fərqli ola bilərdi. Ən azı 4:0 hesabı ilə qalib gəlməli idik. Təəssüf ki, yaratdığımız imkanlardan tam yararlana bilmədik. Bununla belə, ən vacibi qələbə qazanmağımızdır. Gələn həftə bizi tam fərqli oyun gözləyir. Səfərdə çıxış edəcəyik və inanırıq ki, sonda mərhələ adlayan tərəf biz olacağıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Coy-Lens Mikels deyib.
Mikels Çempionlar Liqasının II təsnifat mərhələsində KuPS üzərində 1:0 hesablı ev qələbəsini belə dəyərləndirib: “Düşünürəm ki, yaxşı oyun sərgilədik. Sadəcə, yaratdığımız qol epizodlarını daha yaxşı dəyərləndirə bilmədik. KuPS güclü komandadır və əminəm ki, gələn həftə tamam fərqli oyun nümayiş etdirəcək. Biz də bu müddətdə səhvlərimizi analiz edib aradan qaldıracaq, ciddi hazırlaşacağıq. Səfərdə maksimum konsentrasiya ilə çıxış edib qələbə qazanmağa çalışacağıq. Xüsusilə son zərbələr və qol imkanlarından istifadə üzərində işləməliyik. Ümid edirəm ki, cavab görüşündə də qalib gələrək növbəti mərhələyə vəsiqə qazanacağıq”.
GÜNAY SÜLEYMANOVA
