“Sabah”ın futbolçusu Timoteuş Puxaç ölkəsi Polşa mətbuatına açıqlamasında UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi KuPS-la oyunöncəsi yetirməsi olduğu Polşa “Lex”i ilə qarşılaşma ehtimallarına münasibət bildirib.
O, bunu öncədən hiss etdiyini gizlətməyib: “Püşkün nəticəsi əladır. Əvvəldən deyirdim ki, “Lex”lə qarşılaşacağıq. Təbii ki, bunun baş verməsi üçün hər iki komanda 2-ci mərhələni keçməlidir. Amma futbol belə hekayələri sevir. Sanki hər şey yuxarıdan planlaşdırılıb”.
Puxaç sabiq komandasının inkişafını da yüksək qiymətləndirib: “Görünür, “Lex”in layihəsi sabit şəkildə inkişaf edir. Polşa Superkubokundakı çıxışları məndə yaxşı təəssürat yaratdı”.
Puxaç “Sabah”ın oyun üslubundan da danışıb: “Avrokuboklar bizim səviyyəmizi göstərir. Biz yüksək pressinqlə oynamağa, hücum futbolu sərgiləməyə, qol epizodları yaratmağa və öz oyun üslubumuzu diqtə etməyə çalışırıq. Bu baxımdan müəyyən mənada “Lex”ə bənzəyirik”.
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 4-5-də və 11-də keçiriləcək.
