Aron Maluda yol üstədir. “Sabah”ın fransalı vingeri daha yüksək səviyyəli Avropa klubuna can atır. Onun gedişi üçün isə müştərisinin ölkə çempionuna tələb etdiyi transfer haqqını ödəməsi lazımdır.

Maludanın adının dünən Çempionlar Liqasında KuPS-la matçın iştirak ərizəsində olmaması da bununla bağlıdır. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın “Maluda bu gün fiziki və mental cəhətdən hazır deyildi” deməsi bütün sualların cavabıdır. Aron aldığı təklifin təsirindədir və komandaya biganədir. Litvalı mütəxəssis də bunun fərqində olduğundan ən güvəndiyi oyunçulara meydana çıxmaq şansı yaratdı.

Maludanın aldığı təklifə gəlincə, “Seltik”in marağı heç də ciddi olmayıb. Rəsmi təklif “Bazel”dən gəlib. İsveçrə klubu 20 yaşlı cinah hücumçusu üçün müəyyən məbləğ ödəməyə hazırdır. Maluda isə “Sabah”ın ona getmək üçün icazə verməsini gözləyir. Klub rəhbərliyi də vidanın əleyhinə deyil, sadəcə, “Bazel” təklif etdiyi yox, tələb olunan məbləği ödəməlidir. İsveçrəlilər qiyməti aşağı salmağa, Maluda isə tərəflərin razılaşmasına ümid edir.

Bu məqamda “Sabah”ın mövqeyi daha doğrudur. Klub rəhbərliyi istedadlı oyunçunun potensialını nəzərə alaraq təxminən 2 milyon avro tələb edir. “Bazel” oyunçunun istedadına həqiqətən vurğundursa, bu xərcə razılaşmalıdır. Maluda getmək istəyir deyə hər təklifə razılaşmaq olmaz.

Son illər gənc oyunçulara daha çox diqqət yetirən “Sabah” Maluda məsələsində doğru seleksiya işinin də mükafatını almalıdır. Masazırlılar klub kimi əla işlər görür. Arondan qısa müddətdə bu qədər fayda götürmək xüsusi qeyd olunmalıdır. Onun da köməyi ilə komanda çempion oldu, kubok qazandı, indi isə “Sabah” transfer bazarında, futbol biznesində önəmli bir yerə gəlib.

2025-ci ilin sentyabrında “Lill”dən icarəyə götürülən Maludaya görə təmsilçimiz böyük xərcə düşməyib. Onun Azərbaycanda olduğu ilk 6 ay ərzində maaşını fransızlar ödəyib. Daha sonra isə oyunçu birdəfəlik transfer edilib. Bu ilin yanvarında Liqa 1 təmsilçisinə transfer haqqı kimi ödənilən məbləğ heç 200 min avro olmayıb. Və bu gün oyunçu 10 qat bahasına satılmaq üzrədir.

l1 20250912100618 6365 1 - Futbolinfo.az

Maluda ilə 4 illik müqavilə bağlanması da klub rəhbərliyinin uzaqgörənliyinin nəticəsidir. Oyunçu 2029-cu ilin son gününədək “Sabah”a məxsusdur. “Bazel” və ya başqa klub onda həqiqətən böyük istedad görürsə, bu gün futbolda fantastik məbləğ sayılmayan 2 milyon avronu ödəməlidir. Aron da daha peşəkar olmalı, gedəcəyi günədək komandasına xidmət etməlidir. Dünənki matçda onun daha bir uğurlu çıxışı qiymətinin yüksəlməsinə, öz dəyərinin artmasına fayda verərdi. Mental hazırlıq yerində deyilsə, müştəriləri də onun bu xüsusiyyətindən təsirlənə, fikrini dəyişə bilər. Müqavilə şərtlərinə hörmət etmək, hüquqlarını etibar etdiyin, inkişafında rol oynayan kluba minnətdar olmaq, zamanı gələndə də qürurla vidalaşmaq lazımdır. Dambrauskasın qərarının ona dərs olacağına ümid edirik.

FƏRİD

Shares: