“Sabah”ın Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə adlamaması böyük ədalətsizlik olar. KuPS təmsilçimizdən aşkar zəf komandadır və dünən darmadağına layiq idilər.

Masazırda baş tutan oyunun nəticəsi böyük hesabla ifadə olunmalıydı. “Sabah”ın ən azı 6-7 real qol şansı oldu. Onları dəyərləndirə bilməmək baş məşqçi Valdas Dambrauskası təəssüfləndirsə də, yəqin ki, cavab matçında düzgün nəticə çıxarılacaq. Bitiriciliyin bu qədər aşağı faizlə reallaşması hər oyunda ola bilməz. Finlandiyada əks-hücum üçün daha çox şansı olacaq çempionumuzun daha fərqli qələbə qazanmaq imkanı qazanacağı şübhəsizdir.

1:0 “Sabah”ın sərgilədiyi futbolun əsl qiyməti deyildi, lakin son dəqiqələrdə rəqibin yeganə fürsəti boşa verməsini nəzərə alsaq, heç-heçədənsə qələbə hesabı daha şükürlü sayılmalıdır. Əsas odur komandanın oyunu yüksək səviyyədədir və bu, mütləq nəticəsini verəcək.

KuPS son illərdə hər nə qədər inkişafda olsa da, “Sabah”la müqayisədə ÇL-də qalmağa layiq deyil. Yəqin ki, Finlandiyada haqq-ədalət yerini tapacaq. 1:0 sürüşkən hesab sayıla bilər, lakin təmsilçimizin oyunu daha yaxşı ümidlərə əsas verir.

Bu qədər şans qarşılığında cəmi bir qolun vurulmasının səbəbini araşdırmaq isə Dambrauskasın işidir. Gözəl oyun, ardıcıl kombinasiyalar qollarla taclanmırsa, deməli, natamamlıq var. Məhz həmin çatışmazlıqları aradan qaldırmaq zəruridir.

İstənilən halda, klublarımızın avrokuboklarda qələbə seriyasının davam etməsi sevindiricidir. “Sabah” meydana çıxdığı hər 3 oyunu qalib başa vurub, “Qarabağ”la “Zirə” də hər iki matçı üstün bitrib. “Neftçi” bu gün marafona qoşulacaq və bakılıların da uğur qazanmaq şansı çoxdur.

CAVAD

Shares: