Kilian Mbappe dünya çempionatlarında keçirdiyi oyunların sayına görə yığmanın rekordçusu olub. Fransa millisinin hücumçusu İspaniyaya qarşı keçirilən yarımfinal matçında buna nail olub.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma 27 yaşlı futbolçu üçün dünya çempionatlarında 21-ci oyun olub. Bununla da Mbappe bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisi geridə qoyub. Qolkiper mundiallarda 20 oyun keçirib və 2022-ci il dünya çempionatından sonra milli karyerasını başa vurub.
Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olan Mbappe 2022-ci ildə Qətərdə keçirilən mundialda gümüş medal qazanıb. O, həmin turnirdə vurduğu 8 qolla yarışın bombardiri olub.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.
