Beynəlxalq Voleybol Federasiyası (FIVB) Rusiya kişi və qadın milli komandalarının 2027-ci ildə keçiriləcək Millətlər Liqasında iştirak edəcəyini açıqlayıb.
Qurum bildirib ki, maraqlı olan tərəflərlə aparılan məsləhətləşmələrdən sonra Rusiya yığmaları turnirə vəsiqə qazanmayan ən yüksək reytinqli komandalar kimi yarışa buraxılacaq. Bu səbəbdən yalnız 2027-ci il mövsümündə həm kişi, həm də qadın yarışlarında iştirakçı komandaların sayı 18-dən 19-a qaldırılacaq ki, bununla da Sloveniya qadın və Finlandiya kişi milliləri də əvvəlki nəticələrinə əsasən yarışda çıxış edə biləcəklər.
FIVB hazırda genişlənməni təmin etmək üçün turnirin formatına dəyişikliklər hazırlayır. Federasiya həmçinin bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə uyğun olaraq, Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) vasitəsilə Rusiya idmançıları üçün xüsusi antidopinq yoxlama proqramı həyata keçiriləcək.
