Misli Premyer Liqasının ikinci turunun ikinci oyun günündə yalnız bir komanda qol vurdu. Amma “Neftçi” digər üç komandaya bəs edəcək qədər fərqlənə bildi.

İki oyunun təxirə salınması üzündən yarımçıq turun yekununda “Neftçi” zirvəyə yüksəldi. “Ağ-qaralar” yalnız top fərqinə görə üstələdiyi “Zirə” ilə bu həftə üz-üzə gələcək. Elə həmin matçda mövsümə əla start verən komandalarının potensialına daha real aydınlıq gələcək.

“Neftçi” mövsümə əla başlayıb. Bu, bakılılarda son illərdə çatışmayan əsas məqam idi. Komanda yarışa bərbad start verir, daha sonra axırıncı turlaradək yuxarı pillələrə qalxmaq üçün əziyyət çəkir, hədəflərindən uzaq düşürdü. Ötən çempionatın sonundan nəticələrdə stabilliyə nail oaln Yuri Vernidub indi əsas işin icrasına başlayıb. Onun komandası Zirədə də uduzmasa, çempionluğa əsas namizədlərdən biri olacaq. Çünki əla başlanğıc işin yarısıdır və bu seriya 90 illiyi qızıl medallarla “yumağa” imkan verə bilər.

Hələ də Konfrans Liqasında Minsk “Dinamo”suna uduzmağın peşmançılığını çəkən ukraynalı mütəxəssis bəlkə də xəlvətdə buna həm də sevinir. Çünki komanda çempionata köklənə bilib. Hazırlıq dövrünün uzun və məhsuldar olması əksini turnir cədvəlində tapıb. Yeni transferlər də əvvəlki mövsümlərdəki qədər bərbad deyil. Xüsusilə Vernidubun seçdikləri komandaya güc qatıb. Yaxşı ehtiyat qüvvə var, yerli oyunçu potensialı da pis deyil və yersiz büdrəmələr olmasa, çempionluğu xəyal etmək olar.

Ümumiyyətlə, “Neftçi” oyunlara çox yaxşı başlayır, ardıcıl qollar vurur. Minsk “Dinamo”su ilə Bakıdakı matçda da belə olmuşdu, ötən tur “Sumqayıt”la görüşdə də. Dünən isə “Araz-Naxçıvan” fasiləyədək darmadağın edildi. Fərq vurulan qol sayının oyundan oyuna artmasında, buraxılan topların azalmasındadır. Bu artıq inkişaf göstəricisidir. Düzdür, rəqibdən-rəqibə fərq var, ancaq Vernidubun problemləri həll etmək üçün verilən vaxtı düzgün dəyərləndirdiyi göz önündədir.

“Araz-Naxçıvan”ın 0:5 hesablı məğlubiyyətinin bir səbəbi “Neftçi”nin yaxşı oynamasıdırsa, digər məqam komandadakı xaosdur. Artıq məşqçi korpusunda ikitirəlik var, üstəlik, klub prezidenti, əsas himayədar – hərəsi bir hava çalır, futbolçuların yarısı məşqçilərin, yarısı idarəçilərin tərəfini tutur. Kəsəsi, komandada birlik yoxdur və belə ab-havada darmadağından qaçmaq mümkün deyil. Naxçıvana həsrət Naxçıvan klubu bu gedişlə çətin ki, autsayderlər qrupundan qopsun.

Turun digər uğursuz komandası olan “Turan Tovuz” hazırda bir epizodun üzərində hay-küy salıb, bunu gələcək matçlarda AFFA-ya təzyiq üçün vasitəyə çevirmək istəyir, bəlkə də mümkün uğursuzluğun sığortası kimi indidən vitrinə qoyurlar. Məlum epizodda topun qapı xəttini keçib-keçmədiyinə mütəxəssislər qərar verəcək, videogörüntülər incələnəcək, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov şərhini bildirəcək. Lakin elə həmin epizoddan az öncə “Şamaxı”nın lehinə verilməyən penaltiyə də aydınlıq gətirilməsi pis olmaz.

Ümumiyyətlə, Kurban Berdıyevin mübahisəli epizodu qabardıb çempionatın ən az büdcəli komandalarından birinə qarşı bərbad oyunu pərdələməyə çalışması təəssüf doğurur. “Turan Tovuz” “Şamaxı” ilə matçda iddialıya yaraşmayacaq qədər zəif oynadı. Yaxşı olar ki, klub rəhbərliyi bunun səbəblərini araşdırsın.

ABBAS

Shares: