“Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

Futbolinfo.az xəbər verir ki, Bakı klubu buna pley-offda “Hapoel Beer-Şeva”nı (İsrail) mübarizədən kənarlaşdırmaqla nail olub – 1:2, 5:2 (ə.v.).

Azərbaycan futbolu tarixində 3-cü dəfə təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacaq. Bunadək “Qarabağ” 2017/18 və 2025/26 mövsümlərində belə uğura imza atıb.

Bu uğur sayəsində “Sabah” bir neçə rekordla ölkə futbolu tarixinə düşüb. Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasındakı debüt mövsümündə əsas raunda qədər irəliləyən ilk Azərbaycan komandasıdır.

Valdas Dambrauskasın yetirmələri həm də UEFA Çempionlar Liqasında 4 mərhələ adlayaraq əsas raunda vəsiqə qazanan ilk və yeganə Azərbaycan klubu olub.

Ümumilikdə isə tarixdə 3-cü dəfə Azərbaycan klubu əsas mərhələyə qədər 4 tur keçib. “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində UEFA Avropa Liqasında 4 komandanı mübarizədən kənarlaşdırdıqdan sonra qrupa vəsiqə əldə edib. “Sabah” “Hapoel”ə qədər I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0, 2:1), II təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”u (1:0, 2:0), III təsnifat mərhələsində Danimarkanın “Orxus” klubunu (1:2, 4:0) mübarizədən kənarlaşdırıb.

Bundan başqa, “Sabah” qələbə sayında da rekord vurub. Bakı təmsilçisi bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu olub. Bununla da qrup və ya liqaya yüksələnədək 5 qələbə qazanan “Qarabağ”la “Qəbələ”nin rekordu yenilənib. 2013/14, 2023/24 və 2025/26 mövsümlərində “Qarabağ”, 2016/17 mövsümündə “Qəbələ” 5 qələbə qazanıb.

“Sabah” cari mövsüm Azərbaycanın UEFA reytinqinə 1,500 xal qazandırıb. Bu, təsnifat və pley-off mərhələləri üçün ölkə futbolu tarixinin rekordunun təkrarıdır. 2023/24 mövsümündə “Qarabağ” 5 qələbə və 2 heç-heçə ilə eyni göstəriciyə – 1,500 xala sahib çıxıb.

Shares: