“İlk iki oyuna da qələbə qazanmaq üçün çıxmışdıq. 1-ci turda “Araz-Naxçıvan”la qarşılaşmada 3 xal qazanmağa bir az bəxt mane oldu. “Zirə” ilə oyunda isə fərdi səhvlərdən qollar buraxdıq. “Şəfa” ilə görüşə də 3 xal üçün çıxmışdıq. Vacib oyun idi, istəyirdik ki, ilk qələbəmizi qazanaq. Allaha şükür, bunu bacardıq və səfərdən 3 xalla qayıtdıq”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İmişli”nin futbolçusu Seyxan Fərəcov deyib.

24 yaşlı futbolçu qarşılaşmada qol imkanlarının olduğunu bildirib:

“İlk hissədə də qol vurmaq üçün epizodlarımız var idi. Səbirli olduq və sonda öz qolumuzu vurduq. Bundan sonra hesabı daha da böyüdə bilərdik. İnşallah, qarşıdakı oyunlarda daha böyükhesablı qələbələr qazanaraq azarkeşlərimizi sevindirərik”.

Fərəcov Premyer Liqada ilk qolunu vurmasından və bunun qələbə qolu olmasından da danışıb:

“Çox sevindirici haldır ki, Premyer Liqada ilk qolumu vura bildim və bu, qələbə qolu oldu. Bu qol təkcə mənim yox, bütün komandanın əziyyətinin nəticəsidir. Əlbəttə, şəxsi olaraq mənim və özünəinamım üçün çox vacib qoldur. Karyeramın ən vacib qolu kimi qeyd edərdim. Amma daha çox çalışmalıyam, daha güclü Seyxan olmalı və qollar vuraraq komandama kömək etməliyəm. Qolumuzdan sonra əksinə, hücumda daha aktiv olduq, müdafiədə də daha etibarlı oynadıq. Rəqibə qol vurmaq üçün heç bir imkan yaratmadıq”.

Son olaraq hücumçu komandanın qarşıdakı oyunlardakı hədəflərindən söz açıb:

“Hər məşqdən və hər oyundan sonra daha da yaxşı olacağıq, daha gözəl futbol göstərəcəyik. Bunun üçün çox çalışırıq, məşqlərdə çox əziyyət çəkirik. Qarşıdakı hər oyuna da bu matçda olduğu kimi 3 xal qazanmaq üçün çıxacağıq. Allahın köməyi ilə buna nail olacağımıza inanıram”.

GÜNAY SÜLEYMANOVA

Shares: