Azərbaycanda təşkil olunacaq U-15-lərin dünya çempionatına qatılacaq daha bir komanda müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Myanma millisi ölkəmizdəki yarışa ciddi hazırlaşır. Hətta Myanma Futbol Federasiyası (MFF) mundialda mübarizə aparacaq komandanın 32 futbolçudan ibarət ilkin heyətini də açıqlayıb. İlkin heyətə Yanqon və Mandalayda keçirilən açıq sınaqlar nəticəsində seçilmiş perspektivli gənclər, eləcə də FIFA/MFF U-15 Liqası 2026-nın müxtəlif zonalarında özünü göstərənlər daxil edilib.

Seçilən 32 oyunçu Azərbaycana səfər öncəsi keçiriləcək təlim-məşq toplanışına qoşulmaq üçün sentyabrın 3-nə qədər MFF-yə müraciət etməlidir. Onların çıxışları və fiziki durumu yekun heyətin müəyyənləşməsində əsas rol oynayacaq.

Qeyd edək ki, Azərbaycandakı U-15-lərin dünya çempionatı oktyabrın 22-31-i aralığında keçiriləcək.

Shares: