Ölkə futbolu
Elxan Məmmədov "Bakı"nı aldadır
"Bakı" klubunun bazasında ən çox işlədilən s&ou…
"Bakı" klubunun bazasında ən çox işlədilən söz "sabah"dı. Hər gün "zolaqlılar"ın üzvlərinə maaşınız sabah ödəniləcək deyə, söz verilsə də, ortada heç nə yoxdu.
Halbuki, bir müddət öncə AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ" – "Bakı" matçı ərəfəsində paytaxt təmsilçisinin soyunub-geyinmə otağına yollanaraq "yanvar ayından maya kimi maaşlarınızı AFFA-dan vaxtı-vaxtında alacaqsınız" demişdi.
Bundan sonra isə Məmmədov mətbuata açıqlamasında “zolaqlılar”ın üzvlərinə pulu AFFA-nın deyil, bankların ödəyəcəyini bildirmişdi. Yəni, klubun çempionatda iştirak üçün bankdan aldığı zəmanətdən istifadə ediləcək. Assosiasiyanın baş katibi bunun üçün banka müraciət etdiklərini, hətta zəmanətin aktivləşdirildiyini gizlətməmiş, 2 həftə ərzində futbolçulara maaşların ödəniləcəyini söyləmişdi.
Gəl ki, bu günə qədər paytaxt təmsilçisinin üzvləri yalnız bir dəfə assosiasiyanın binasına gedərək, pullarını ala biliblər. Ötən ilin oktyabr ayından bəri bir dəfə maaş üzü görən komanda üzvlərinin artıq səbrləri daşıb. Əldə etdiyimiz məlumata görə, maaşlar ödənilməsə, "Bakı"lı futbolçuların yenidən məşqə çıxmayacaqları gözlənilir.
Mövcud durumu göz önünə alaraq, baş katibə belə bir sual ünvanlanmağı lazım bilirik: Cənab Məmmədov, bank həmin zəmanəti həqiqətən aktivləşdiribsə, futbolçuların maaşları niyə verilmir?