Premyer-liqa
201 gündən sonra
Bakının “İnter” klubunun məğlubiyyətsiz oyunlar seri…
Bakının “İnter” klubunun məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasında ardıcıl 18 qarşılaşmada xalsız qalmayan paytaxt təmsilçisi 26-cı turun “Qəbələ” ilə ev matçında meydanı məğlub tərk edib – 1:2.
Belə ki, sonuncu dəfə 4-cü turun “Xəzər Lənkəran”la görüşündə uduzan Kaxaber Sxadadzenin yetirmələri “ağ-yaşıllar”la səfər matçından (0:1) sonra heç kimə 3 xal verməmişdi. “İnter” 2014-cü il avqustun 29-da aldığı məğlubiyyətdən 201 gün sonra meydanı üzgün tərk edib.
Paytaxt təmsilçisi mövsümdə ilk dəfə öz meydanında xalsız qalıb. Əvvəlki 11 oyunda uduzmayan bakılılar sonuncu dəfə ötən mövsüm – 2014-cü il martın 16-da öz meydanında məğlubiyyətə üzülmüşdü. 367 gün əvvəl “Qarabağ”dan 3 cavabsız qol buraxan “İnter” son 16 ev oyununda 12 qələbə qazanıb, 4 heç-heçə edib.
(pfl.az)