Premyer-liqa
Qurbanovun çempionluq şərhi: "Mənə dəyməyin"
Bu gün Topaz Premyer Liqasında 34-cü tura yekun vurulub. …
Bu gün Topaz Premyer Liqasında 34-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edərək, çempionluğunu rəsmiləşdirib.
"Bakcell Arena"dakı oyunundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni və çempionluğu belə şərh edib:
"Hər kəsi təbrik edirəm. Bu mövsüm həm çox ağır, həm də uğurlu oldu. İlk pilləyə qalxanda üstünlüyü saxlamaq çətin oldu. Futbolçularım çempionluğa layiq idi. Xarakter göstərdilər. "İnter"ə də uğurlar arzu edirəm. Çalışıb, düzgün hazırlaşıb, qələbə qazanacağıq. Heyətdən gedəcək futbolçular haqqında bu gün danışmaq istəmirəm. Bunu gələcəkdə bildirəcəm. Bizim üçün builki çempionat daha stresli oldu. Çünki son çempion idik deyə hamı bizdən yenidən eyni uğuru gözləyirdi. Ada çatmaq asandı, nəinki bu adı qorumaq. Çempionluğu təmtəraqlı qeyd etməyəcəyik. Nəsə böyük bir tədbir olmayacaq".
O, azarkeşlərədən də söhbət açıb: "Bu gün azarkeşlərdən razı qaldım. Əvvəlki oyunlara baxsaq, gözləməzdim ki, bu qədər çox azarkeş olar. Futbolumuz tam formalaşmayıb deyə bu gün tribunalar tam dolmayıb. Stabil olsa, tam dolacaq. Əgər bugünkü kimi azarkeşlər olsa, məncə, gələcəkdə fanatların sayı çoxalacaq”.
Qurbanov həmçinin “Qarabağ”dakı gələcək karyerası ilə bağlı da danışıb: “Mən hələ bura üçün lazımam. Mənə dəyməyin. Mən "Neftçi"də və digər klubda oynasam da, "Qarabağ"ın yeri başqadı. İndi gələcək hansısa təklif haqqında danışmaq düzgün deyil. Mənim Avropaya getməyə ehtiyacım yoxdu. Mən burda lazımam".
Mütəxəssis növbəti turda “İnter”lə matç haqqında isə belə deyib: “Kaxaber Sxadadzeyə qarşı oynamaq həmişə maraqlı olub. Həmişə fərqli taktikalardan istfadə edib. Çempionluğu unudub, meydana çıxacağıq".
Komanda ötən il çempionluq kuboku və bir neçə futbolçu ilə Ağdama getmişdi. Bu il tam heyətlə gedib-getməyəcəkləri ilə bağlı sualı o belə cavablandırıb: "Biz Ağdama həmişə getməyə hazırıq. Çalışacağıq ki, bu il bütün komandanı oraya aparaq. Amma vaxtını deyə bilmərəm. Qarşıda bizi sıx qrafika gözləyir. Çünki hələ kubokun finalı da var. Ondan sonra gərək bir az dincəlib, təlim-məşq toplanışlarına başlayaq ki, Avropada uğurlu çıxış edə bilək".