Ölkə futbolu
Özbaşınalığın son həddi: "Qara bazar"çılar Çəlikələ bilet təklif etdi
Avqustun 5-də keçiriləcək “Qarabağ” – &ld…
Avqustun 5-də keçiriləcək “Qarabağ” – “Seltik” matçının biletləri bu gün səhər saatlarından satışa çıxarılıb. Sözügedən qarşılaşmaya maraq “Rudar”la oyunda olduğundan da çoxdu. Əbəs yerə deyil ki, azarkeşlər havanın isti olmasına baxmayaraq, səhər saatlarından kassaların qabağında, uzun növbələrdə dayanıblar.
Əldə etdiyimiz məlumata görə, artıq oyuna 10 mindən çox bilet satılıb. Mərkəzi arenanın qarşısında olanan əməkdaşımızın verdiyi məlumata görə, Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl də satışla maraqlanmaq üçün hadisə yerinə gəlmişdi. Maraqlıdı ki, klub rəsmisi kassanı qarşısında olduğu vaxt "qara bazar"da çalışan işbazlar yenə öz fəaliyyətini davam etdirirdi. Çəlikəl kassanın qarşısından ayrılıb, maşınına minəndə isə maraqlı hadisə baş verdi. Belə ki, icraçı direktoru tanımayan alverçilərdən biri ona "qardaş, yaxşı yerlərə bilet var, istəmirsən" sualını ünvanladı. O isə "mən bu klubun başqanıyam, səni həbs elətdirərəm" cavabını verdi. Bəndənizin "qara bazar haqqında nə tədbirlər görülür" sualına isə o, "görəcəksiniz" deyib, əsəbi şəkildə hadisə yerindən uzaqlaşdı.
Əmrah bəyin tədbirləri isə özünü çox gözlətməyib. Təxminən saat 17:00 radələrində bütün kassalar vaxtından bir neçə saat əvvəl bağlanmışdı və səbəbini isə heç kim bilmirdi. Bundan bir az sonra Ağdam klubu rəsmi saytında belə bir bəyanatla çıxış edib:
“Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Seltik” qarşılaşmasının biletləri bu gün satışa çıxıb. Qarşılaşmaya olan hədsiz maraq kassalar önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, matça olan kütləvi maraqdan istifadə edən bəzi “işbazlar” qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən “Qarabağ” FK tərəfindən kassalar bağlanmış, hüquq-mühafizə orqanlarına müraciət edilmiş və qeyri-leqal satışla bağlı tədbir görülmüşdür.
Sabah səhərdən etibarən satış yenidən bərpa olunacaq. “Qarabağ” FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla işbazların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız”.
ELMAR ABDULLA-ZADƏ