Milli komanda
Bakıda xorvat qonaqpərvərliyi
Lütfən, Robert Prosineçkini tərifləməyə tələsməyin…
Lütfən, Robert Prosineçkini tərifləməyə tələsməyin. Razıyam, 6 ilimizi havaya sovuran Berti Foqtsdan daha yaxşı, daha enerjili, daha bacarıqlıdı. Amma Xorvatiyaya uduzmamışıq deyə onu dağın başına qoymayaq.
“Bakcell Arena”dakı son oyun ümumiyyətlə, millimizin gücünü müqayisə etmək, inkişaf elementləri axtarmaq üçün nümunə olmamalıdı. Oyundan sonra həmyerliləri ilə öpüşüb-görüşdüyü üçün demirəm – soydaşdılar, belə də etməliydi – oyuna 90 dəqiqə baxmış insan kimi əminəm ki, ortada nə isə var idi. Avropada nəhəng klubların qənimi Mario Mancukiç sanki Sinqapurdan mesaj almışdı, Robert Prosineçki isə Niko Kovaçla qardaşlıq görüşünə çıxmışdı. AFFA-nın baş katibi Elxan Məmmədov da yəqin ki, oyundan öncə Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerlə etdiyi rəsmi naharı hansısa “Topaz” məntəqəsinin yanındakı kafedə etmişdi.
Atdılar, tutdular… Meydanda topu, meydandan kənarda… Nə isə. İnanın ki, qonaqlara xal lazım olsaydı, birinci matçdakı nəticəni yaddan çıxaracaq hesab qeydə alına bilərdi. And olsun Mancukiçin sızıldamayan vicdanına, Kamran Ağayevin təhlükə görməyən qapısının dirəklərinə.
Oyuna gəlincə, bərbad, bir az da rənglənmiş qazona ayaq basan start heyətlərinə baxanda adam dəhşətə gəlirdi. Bir yanda “Real”ın, “Barselona”nın, “Yuventus”un liderləri, digər tərəfdə “Sumqayıt”dan gətirilən çolaq hücumçu, “Neftçi”nin işəyaramazı və s. Son nəticədən arxayın Prosineçki isə start heyətinə Elxan Məmmədovun göstərişi və səyi ilə milliləşdirilən 6 milliləşdirilmiş buraxmışdı. Oyunun son dəqiqələrində meydana 3 dəqiqəlik daxil olan Eddi İsrafilov kimi onlar da reklam ulduzları idi. Eddiyə böyük pullar xərcləyib, yığmaya gətirənlər indi onun lazımsızlığını sübut etməmək üçün millidəki oyun sayını süni şəkildə artırırlar.
Xorvatlar açıq-aşkar vaxt öldürür, oyunu kəskinləşdirmək istəmir, bizimkilərsə əzmkarlıqla topu irəli vurmağa çalışırdı. Müdafiə, eləcə də orta xəttə böyük yük düşürdü, çünki ön xəttdə sanki iki işıq dirəyi sancmışdılar. Son vaxtlar düz-əməlli futbol oynamayan Rauf Əliyev tək ayaqla meydanda olduğu zaman ərzində heç nə ilə yadda qalmayan Məhəmməd Qurbanovdan yaxşı oynayardı. Prosineçkinin sevimlisi Ruslan Qurbanov isə Cavid Tağıyev, Araz Abdullayev kimi cinah oyunçularının haqqı olan yeri “zanit” etmişdi.
Prosineçki xalı bax bu şərtlər altında qazandı. Ola bilsin, Foqtsdan (və yalnız Foqtsdan) daha yaxşıdı, ancaq oyunçu seçimi, oyuna müdaxiləsi, əvəzetmələri göstərdi ki, uğur qazana biləcəyimiz adam deyil. Bu matçdan sonra oynanılan Türkiyə – Latviya matçına baxdınızsa, əsl məşqçini orada görməliydiz. Hesabda geri düşən kimi, iki əvəzləmə edən, oyunun taleyini məhz onların məhsuldar ötürməsi və qolu ilə dəyişən Marian Paharı deyirəm…
FƏRİD
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza