Ölkə futbolu
Samir Əliyev Luçeskudan öyrənəcək
Samir Əliyev “Neftçi”nin baş məşqçisi po…
Samir Əliyev “Neftçi”nin baş məşqçisi postundan ayrıldıqdan sonra PRO kateqoriyası almaq üçün diqqətini təhsilə yönəldəcəyini bildirmişdi. Gənc mütəxəssis bu yöndə ilk addımını Ukraynanın paytaxtı – Kiyevdə keçirilən seminarda iştirak etməklə atıb. Artıq 4 gündü ki, Əliyev Vətənə dönüb. Futbolinfo.az saytına verdiyi açıqlamada sabiq hücumçu səfəri barədə ağızdolusu danışdı.
Bunu elə ilk cümlələrindən sezmək çətin deyildi: “5 gün ərzində Kiyevdə oldum. Burada çoxsaylı leksiyalar dinlədik, fikir mübadilələri apardıq. Futbolçu psixologiyası, gənc oyunçularla, qapıçılarla işləmək barədə olduqca maraqlı leksiyalar dinlədik. Eyni zamanda, diskussiyalarımız da maraqlı olurdu. Məsələn, Kiyev “Dinamo”sunun 19 yaşlılardan ibarət ispaniyalı baş məşqçisi gənc futbolçuların potensialını açmaq baxımından maraqlı mühazirə oxudu. Praktiki şəkildə bunu nümayiş etdirdi. Onun təyinatınadək 18 yaşlı bir oyunçuları dayaq yarımmüdafiəçisi mövqeyində oynayıb. Lakin mütəxəssis bu oyunçuya pleymeker kimi güvənib. Cəmi 6 ay ötüb və indi həmin futbolçu əsas komandaya namizəddi. Öyrənmək istəyən üçün bu, əla şansdı. Futbol yerində dayanmır, daim inkişaf edir və açıq deyim, ilk kursdakı mühazirələri dinlədikdə, futbolun hələ çox qatlarını açmadığımı hiss etdim. Deməli, öyrənməli, inkişaf etməliyik”.
Samir bəy PRO kateqoriyasına sahib olmaq üçün növbəti kursların vaxtını və məkanını da açıqladı: “Fevralda Antalyaya yola düşəcəm. Həmin vaxt “Şaxtyor”un təlim-məşq prosesində iştirak edəcəm. Mirça Luçeskunun iş prinsiplərini mənimsəməyə çalışacam. Ümumilikdə isə, əsas imtahanadək 9 mərhələ keçməliyəm. Hər şey uğurlu alınsa, 2017-ci ildə PRO kateqoriyasına sahib çıxa biləcəm”.
Sonda Əliyev karyerası ilə bağlı sualı da cavablandırdı: “Hazırda “Neftçi”nin 16 yaşlılardan ibarət komandasının oyununu izləməyə gəlmişəm. Düşünürəm ki, “ağ-qaralar”la iş birliyim davam edəcək. Yəqin ki, qış fasiləsində hansı işin qulpundan yapışacağıma aydınlıq gələcək”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq