Ölkə futbolu
Abdullayev Abdullayevdən üzr istəyib: “Hər şey yoluna düşdü”
Azərbaycan kubokunun 1/8 final mərhələsində maraqlı hesablar q…
Azərbaycan kubokunun 1/8 final mərhələsində maraqlı hesablar qeydə alındı. Ən diqqətçəkən hesab isə “Neftçi” – “Qaradağ Lökbatan” qarşılaşmasında reallaşdı. Meydan sahibləri rəqibi 8:0 hesabı ilə darmadağın etdi, oyunun qəhrəmanlarından biri isə dubl edən Elşən Abdullayev oldu. Səbəbkar futbolinfo.az saytına müsahibəsində matç haqqında fikirlərini bildirməklə yanaşı, Topaz Premyer Liqasının 14-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunda başverənlərə də aydınlıq gətirdi. Elşən həmin matçda meydana əvəzetmədən girib 10 dəqiqə keçdikdən sonra yenidən oyundan alınmış və bundan narazılığını birbaşa paltardəyişmə otağına yollanmaqla bildirmişdi.
– Bu qələbəni gözləyirdiz?
– Biz meydana qələbə üçün çıxmışdıq. Hesabın önəmi yox idi. Əsas o idi ki, “Neftçi” növbəti mərhələyə adlasın. Təbii ki, daha inamlı hesabla qalib gəlməyimiz bizi sevindirir.
– Səviyyə fərqi sözünü dedi?
– Mən rəqibi zəif hesab etmirəm. Çünki onlar birinci divizionda iddialı komandalardandır. Hesabın belə alınması “Qaradağ Lökbatan”ın zəif olmasının yox, bizim daha çox istəkli oynamağımızın nəticəsidi.
– Topaz Premyer Liqasının son turunda səninlə bağlı maraqlı hadisə yaşandı. “Qarabağ”a qarşı matçda meydana sonradan girib 10 dəqiqə keçdikdən sonra əvəzləndin…
– Bu, mənim zədəmlə bağlı idi. Qasıq nahiyəmdə ağrılar hiss edirdim. Baş məşqçi də ona görə məni meydandan çıxardı. Bu da başadüşüləndi.
– Əgər zədənə görə meydanı tərk etdinsə, niyə əsəbi şəkildə paltardəyişmə otağına yollandın?
– Oyundan sonra baş məşqçi Əsgər Abdullayevlə danışdıq. O bildirdi ki, səni qorumaq istəyirdim, buna görə də əvəzlədim.
– Zədən var idisə, olmazdı heç meydana daxil olmayasan?
– Bu, baş məşqçinin qərarıdır. Ona hamımız hörmət etməliyik.
– Oyun bitdikdən sonra Əsgər Abdullayevdən üzr istədin?
– Əlbəttə, ondan üzr istədim. O da məni başa saldı, hər şey yoluna düşdü.
– Samir Əliyev getdikdən sonra 3 oyuna 3 qələbə qazanmısınız. Amma sabiq baş məşqçinizin vaxtında bunu bacarmırdız?
– Məşqçilər arasında fərq qoymaq istəmirəm. Sadəcə, ola bilər ki, son 3 matçda daha istəkliyik. Bu da nəticədə öz əksini tapır. Dərk edirik ki, itirlən xallar sonra əleyhimizə ola bilər. Bunu indi daha yaxşı anlayırıq.
– Samir Əliyevin zamanında təcrübəli futbolçular gəncləri məsuliyyətsizlikdə ittiham edirdi…
– Bu barədə çox danışa bilmərəm. Fikrimcə, bundan öncə də bizdə məsuliyyət var idi, indi də var. Ola bilsin ki, həmin vaxt şanssızlıq da bizi çətin duruma salmışdı.
– Qarşıda “Zirə” və “Qəbələ” ilə çətin oyunlar var. Bu komandalardan revanş almaq istəyirsiz?
– Bundan sonra istənilən matçda itirləcək xal bizi çətin vəziyyətə sala bilər. Ona görə də daha ciddi hazırlaşacağıq.
CAVAD