Ölkə futbolu
Səkkizqat səviyyə fərqi
Azərbaycan kuboku uğrunda 1/8 final matçlarından 6-sı gerid…
Azərbaycan kuboku uğrunda 1/8 final matçlarından 6-sı geridə qaldı. Bu gün baş tutacaq növbəti 2 oyundan sonra 8 xoşbəxtin kim olduğuna aydınlıq gələcək.
İlk gündə baş tutan qarşılaşmaların heç birində əlavə vaxtın, penalti seriyasının olmaması sensasiya deyil. Qalibin 1 oyunda müəyyənləşdiyi bu mərhələdə ən zəiflər ələnir, avrokuboka vəsiqəyə iddia edənlər bu məqsədə çatmaq üçün ən qısa yol olan kuboka bir addım da yaxınlaşır.
Tamamilə məntiqli yekundu: elita təmsilçiləri ilə I divizion klublarının üz-üzə gəldiyi 4 cütdə qalib Premyer Liqa klublarıdı. Evdə oynayan aşağı dəstə təmsilçiləri mübarizədən daha uğurla çıxsa da, cütlər arasındakı top fərqi acınacaqlıdı – 1:14. Nəzərə alaq ki, divizionun ən bərkgedəni olan “Neftçala” elitanın autsayderlərindən “Sumqayıt”la bacarmayıb, ikinci pillənin sahibi “Qaradağ Lökbatan” yaxşı durumda olmayan “Neftçi”nin ayaqlar altında qalıb, mənzərə aydın olar. Bu gün xeyli zəifləmiş elita klubları bu durumla da divizion təmsilçilərindən aşkar üstündü.
Doğrusu, xüsusilə “Qaradağ Lökbatan”ın oyununa baxandan sonra divizionun halına acımalı olursan. Növbəti mövsüm elitaya bu səviyyəli komandalar gələcəksə, vay halımıza. AFFA-nın baş katibi Elxan Məmmədovun tələbi ilə uşaq liqasına çevrilən, limit üzündən yeniyetmələrə güvənməyə məcbur olan divizion klubları Premyer Liqaya gələrkən heyəti başdan-ayağa dəyişməli olacaq. Əks halda dünən izlədiyimiz darmadağın hər turda reallaşacaq.
“Turan Tovuz”un “İnter”in əvəzediciləri ilə bacarmaması, “Şəmkir”in oyuna məşq gözü ilə baxan “Qarabağ”a problem yarada bilməməsi də bunun nəticəsidi. Heç kəs ağdamlıların əziyyət çəkdiyini düşünməsin – çempion istədiyi vaxt, istədiyi qolları vurdu.
Digər 2 oyuna gəlincə, AZAL-ın “Zirə”yə məğlubiyyəti real güc nisbətinin nəticəsi idi. Meydan sahiblərinin baş məşqçisi hər nə qədər hakimlərdən gileylənsə də, boş-boş danışmaqla uzağa getmək olmaz. Sadəcə, etiraf etmək lazımdı ki, heyəti də güclü olan rəqib daha ağıllı oynadı və qalib gəldi.
Ona qalsa, Şahin Diniyevin gileylənməyə daha çox haqqı var. Çünki gəncəlilər hakim səhvlərindən daha çox əziyyət çəkdi. İki qolu hesaba alınmayan “Kəpəz” bunların xüsusilə birinə görə AFFA Hakimlər Komitəsinin qapısını döyəcləyə bilər. Amma nəticə dəyişməyəcək: süqutu an məsələsi olan “Xəzər Lənkəran” artıq ¼ finaldadı və “Neftçi” ilə dueli gözləyir.
ELMAR VƏLİYEV