Ölkə futbolu
Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı
Futzal üzrə Avropa çempionatının final mərhələsind…
Futzal üzrə Avropa çempionatının final mərhələsində ilk tura yekun vurulub. Turun son matçı D qrupunda baş tutub.
Tarixində 4-cü dəfə qitə çempionatının final mərhələsində çıxış edən Azərbaycan millisi Serbiyada təşkil olunan yarışda ilk sınağına çıxıb. Komandamız son çempion İtaliya ilə görüşüb.
İki il əvvəl italiyalılarla qrup oyununda 0:7 hesabı ilə uduzan yığmamız bu dəfə həmin yenilginin revanşını ala bilməyib. Matça yaxşı başlayan tərəflər ilk hissənin 20-ci dəqiqəsinə kimi qarşılıqlı hücumlar etsələr də, tarazlıq pozulmayıb. Ancaq millimizin üzvü Amadeunun qarşılaşmanın 19-cu dəqiqəsində ikinci sarı vərəqə ilə oyundan kənarlaşdırılması appeninlilərin əl-qolunu açıb. Belə ki, say üstünlüyündən istifadə edən rəqib 20-ci dəqiqədə hesabı açıb.
Sonuncu Avropa çempionları ikinci hissəyə də qolla başlayıblar. Yenə Merlim fərqlənib. Bu qoldan sonra millimiz bir neçə dəfə qola yaxın olsa da, son anda müxtəlif səbəblərdən arzu reallaşmayıb. Əvəzində italyanlar 29-cu dəqiqədə daha bir dəfə fərqlənərək, hesabı 3 topa çatdırıblar.
Qeyd edək ki, D qrupunda Azərbaycan və İtaliya ilə yanaşı, Çexiya millisi də mübarizə aparır. Millimiz növbəti matçını fevralın 5-də Çexiya millisinə qarşı keçirəcək.
Futzal üzrə Avropa çempionatı
I tur, D qrupu
3 fevral
İtaliya – Azərbaycan 3:0
Qollar: Merlim, 20; 21. Romano, 29.
Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Rusiya)
“Belqrad Arena”