Layihə
18 GÜN QALDI: Klublar istəyir, amma…
Mayın 5-də 17 yaşlılardan ibarət yığma komandalar arasında Bak…
Mayın 5-də 17 yaşlılardan ibarət yığma komandalar arasında Bakıda startı veriləcək Avropa çempionatı yaxınlaşır. AFFA bu mötəbər turnirlə bağlı təbliğat işlərini davam etdirir və oyunlar zamanı tribunaları doldurmaq üçün iş aparır.
Görəsən, klublarımızda vəziyyət necədi? Futbolçuları U-17 yığmamızda çıxış edəcək “Neftçi”, “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Sumqayıt” milli komandaya öz fan-klubları ilə dəstək verəcəkmi?
“Qarabağ” (Nurlan İbrahimov, mətbuat katibi): “Baxmayaraq ki, matçların başlamasına hələ bir qədər vaxt var, lakin məsələ diqqətimizdədi. Əlbəttə ki, biz də həm oradakı futbolçularımızı, həm də yığmamızı dəstəkləmək üçün oyunlara gedəcəyik. Bu, oyunlarımızın qrafikindən də asılı olaraq, dəyişəcək. Lakin bu barədə qərar verilmədiyindən hələ nəsə deyə bilmərəm”.
“Qəbələ” (Anar Hacıyev, mətbuat katibi): “Hələ ki, bu barədə qərar verilməyib. Oyunların başlamasına hələ var. Məsələ akademiyamızın da diqqətindədir. Əlbəttə ki, biz də komanda üzlərimizi yalnız buraxmamağa çalışacağıq”.
“Xəzər Lənkəran” (Hüseyn Cəbrayıloğlu, mətbuat katibi): “Hələ heç nə bilinmir. Lazım gəlsə, fan-klublarımızı yönəldə bilərik. Təbii ki, biz də dəstək vermək istərik”.
“Neftçi” (Mehman Rəsulov, mətbuat katibi): “Əlbəttə ki, biz də bu oyunlara dəstək verəcəyik. Lakin hələ bu barədə heç nə müəyyənləşməyib. Onu da əlavə edib ki, bizim fan-klublar çox fəaldı. Onlar hətta voleybol, futzal matçlarında da yığmalarımızı yalnız buraxmırlar. Ümid edirəm ki, bu matçlarda da tribunada olacaqlar”.
“Sumqayıt” (Rəşad Məmmədov, mətbuat katibi): “Əvvəlcə onu bildirim ki, fan-klublarımız yığma komandalarımızın oyunlarına gedirlər. Təbii ki, biz də klub olaraq, bununla bağlı nəsə edəcəyik. Amma hələ ki, bu barədə nəsə deyə bilmərəm”.
ELMAR VƏLİYEV