Ölkə futbolu
Lənkəranlılar narazıdı: “Əyalətdə Avropa çempionatının ab-havası hiss olunmur”
Mayın 5-də ölkəmizdə start götürəcək 17 yaşlıla…
Mayın 5-də ölkəmizdə start götürəcək 17 yaşlılardan ibarət milli komandalar arasında Avropa çempionatına bir həftədən azca çox qalıb. Hazırlıqlar yekunlaşır, qonaqlar səfər ərəfəsindədi.
Yuxarıda çempionatın ölkəmizdə keçiriləcəyini yazsaq da, miqyas, əslində, Bakıyla məhdudlaşır. Çünki bütün oyunlar yalnız paytaxtda reallaşacaq. Hərçənd futbolun kütləviliyindən, bölgələrdə inkişafdan danışırıqsa, belə olmamalıydı. Ən azı Lənkəran və Qəbələ kimi futbol infrastrukturu, hava limanı, qonaqları yerləşdirmək üçün otelləri olan şəhərlərdə də bu ab-havanı yaşatmaq olardı.
Lənkəran bu cür yarışlar üçün yad məkan deyil. Vaxtilə qızlar arasında dünya çempionatının bir sıra oyunları, avrokubok görüşləri, hətta əsas millinin matçları bu şəhərdə keçirilib.
Maraqlıdı, görəsən, cənub bölgəsi bu turnirin hansısa qrupunun oyunlarını qəbul etməyə hazır idimi? Məsələ ilə bağlı “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlunun fikirlərini öyrəndik:
“2012-ci ildə 17 yaşlı qızlardan ibarət millilərin dünya çempionatında 1 qrupun oyunları Lənkəranda keçirilmişdi. Bundan başqa, 2009-cu ildə dünya çempionatının seçmə oyunları çərçivəsində Finlandiya ilə ev oyununu da burada qəbul etmişdik. Yəni, stadion bu tip oyunları keçirməyə hazırdı. Əvvəl stadionun qazonu pis idisə də, indi yaxşı vəziyyətdədi. Hər halda, burada oyunlar keçirilsəydi, azarkeşlərin də sayı çox olardı. Biz tərəfdən heç bir problem yoxdu. Sadəcə, bizimlə bu haqda heç bir müzakirə aparılmayıb”.
Cəbrayıloğlu əyalətdə qarşıdakı yarışın təbliğatının zəif olduğunu da bildirib: “TV-də reklam gedir. Amma bölgələrdə bu, hiss edilmir. Bunu başqa cür təşkil etmək olardı. Hər hansı turnemi, lahiyəmi fikirləşib, təbliğat aparıb, əhalini məlumatlandırmaq olardı. Geniş ajiotaj hiss olunmur. Bəzi oyunlar Lənkərana salınsaydı, tribunalarda ən azı 8-9 min azarkeş olardı. Bir neçə il əvvəl Azərbaycan və Özbəkistanın 21 yaşlılardan ibarət milli komandalarının burada oyunu keçirilmişdi. O zaman ilk dəfə 21 yaşlıların matçını tribunadan 14 min adam izləmişdi”.