Ölkə futbolu
AFFA təzyiqə dözmədi, lazım olanı etdi
Mətbuatın gücünə inanmayanlar üçün fakt:…
Mətbuatın gücünə inanmayanlar üçün fakt: AFFA israrlarımız qarşısında təslim oldu. Futbolinfo.az saytının təşəbbüsünə digər KİV nümayəndələri də qoşulunca istədiyimizi aldıq.
Burada söhbət heç də nəyisə diqtə etməkdən getmir. Sadəcə, yolu bu idi, belə olmalıydı və AFFA hər nə qədər görməzdən-bilməzdən gəlsə də, haqlı tələbimiz qarşısında duruş gətirmədi.
Neçə gündü tələb edirdik ki, təkcə Röya ilə 17 yaşlılardan ibarət millilər arasında Avropa çempionatının təbliğatını aparmaq olmaz. AFFA bu işdə veteranların da xidmətindən yararlanmalı, belə yarışlarda qalib olan həmyerlilərimizi işə cəlb etməlidi. Arif Əsədov, Tərlan Əhmədov, Vəli Qasımov, Vladislav Qədirov kimi çempionların gənclərlə görüşü təşkil olunmalı, onların məsləhətləri dinlənilməliydi.
Nəhayət, dünən AFFA Futbol Mərkəzində müxtəlif illərdə keçmiş SSRİ-nin gənclərdən ibarət yığma komandalarının heyətində dünya və Avropa çempionu olmuş Arif Əsədov, Vladislav Qədirov və Tərlan Əhmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüblər. Komandanın hazırlıq prosesi ilə tanış olan qonaqlar sonda öz təcrübələrini futbolçularla bölüşüb, müvafiq tövsiyələrini veriblər.