Ölkə futbolu
“Qəbələ” və “Neftçi” uğursuz seriyalarına son qoydu
Avropa Liqasının birinci təsnifat mərhələsində çıxış …
Avropa Liqasının birinci təsnifat mərhələsində çıxış edən “Qəbələ” və “Neftçi” uğursuz seriyalarına son qoyub. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, hər iki komanda uzun müddətdi həsrətində olduğu qələbəyə sevinib.
“Qəbələ” oyun baxımından daha uzun – 8 matçlıq seriyaya son qoymağa nail olub. Ötən mövsüm pley-off və qrup mərhələsində qalib gələ bilməyən “qırmızı-qaralar” sonuncu dəfə Kipr “Apollon”unu yenmişdi.
Qəbələlilər ötən il avqustun 8-də əldə etdiyi 1:0 hesablı qələbədən sonra 329 gün gözləməli olub. Bu dəfə təmsilçimiz Gürcüstanın “Samtredia”sını 5:1 hesabı ilə yenib.
“Neftçi”nin həsrəti gün baxımından uzun çəkib. Son 4 qarşılaşmada qələbə üzünə həsrət qalan bakılılar sonuncu dəfə Gürcüstan “Çixura”sına qalib gəlmişdi.
Paytaxt təmsilçisi 2014-cü il avqustun 7-də səfərdə 3:2 hesabına sevinmişdi. 693 gün sonra sevinən bakılılar bu dəfə Maltada “Baltsan”ı 2:0 hesabı ilə üstələyib.