Ölkə futbolu
“Neftçi”dən “Futbolinfo”nun xəbərinə reaksiya gəldi
“Neftçi”nin yeni transferi Vançe Şikovun ma…
“Neftçi”nin yeni transferi Vançe Şikovun maaşı ilə bağlı “Futbolinfo”da gedən xəbər Bakı klubunu narahat edib. Saytımıza müraciət edən klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov yazıda göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia edir.
“Neftçi”ylə bağlı son günlər bu tipli informasiyaların çoxalmasından narahat olan klub rəsmisi xəbərlərin bilərəkdən mətbuata ötürüldüyünə əmindi: “Son günlər mətbuatda "Neftçi"nin adı ətrafında həqiqəti əks etdirməyən məlumatlar yer alır. "Baltsan"la matçdan öncə də bu tip məlumatlarla qarşılaşmışdıq. Lakin komandamız üçün vacib oyun ərəfəsində bu tip şaiyələrə reaksiya bildirmədik. Amma oyun qurtarandan sonra da bu məlumatlar yayılmaqda davam etdi. Bu "Neftçi"dəki daxili ab-havanı korlamağa hesablanmış cəhdlərdir. İnanmıram ki, bu kimi zamanı çoxdan keçmiş "fənd"lər effektli olsun”.
Mehman bəyin hansı fəndlərdən danışdığını bilmirik. Belə xəbərlərin mətbuata bilərəkdən ötürülməsi mümkündü. İndiki halda isə əldə etdiyimiz bütün informasiyaları yaymaqda azadıq və qarşı tərəfin də mövqeyini dərc edirik. Kimin kimə qarşı fənd işlətməyini isə qoy “Neftçi” rəhbərliyi müəyyənləşdirsin. Biz sadəcə, informasiya yaymaq fürsətini boşa vermirik.
“Neftçi”nin bu xəbəri təkzib etməsi üçün oyunçunun həqiqətən nə qədər maaş almasını əks etdirən sənəd-sübut əla material olardı. Təəssüf ki, Azərbaycanda müqavilələr 40 qıfıllı sandıqda saxlanılır.