Müsahibə
Nəhayət, Pərdis danışdı: “Bəlkə də kimsə pisliyimi istəyir”
Yay toplanışı çərçivəsində bir araya gələn &ldqu…
Yay toplanışı çərçivəsində bir araya gələn “İnter” məşqlərini ADBTİA stadionunda davam etdirir. Heyətinə xeyli sayda futbolçu əlavə edən bakılıların nə vəziyyətdə olduğunu görmək, bu oyunçulardan bəziləri ilə danışmaq üçün məhz sözügedən məkana yollandıq. Təbii ki, ilk növbədə Pərdis Fərcad-Azadla müsahibə yerinə düşərdi. Məlum məhkəmə və video qalmaqalında adı hallanan yarımmüdafiəçi müəyyən qədər tərəddüd etsə də, sonda danışmağa razılıq verdi:
– Hazırlıqlar yaxşı gedir, hər şey qaydasındadı. “İnter”də oynayıb, özümü göstərib, komandaya kömək etmək istəyirəm.
– Baş məşqçi ilə söhbət etmisənmi, səndən tələbi nədi?
– Komandaya yeni gəlmişəm deyə, baş məşqçi ilə ətraflı söhbət etmək imkanım olmayıb. Amma gələcəkdə vəziyyət necə olacaq, görəcəyik.
– “Sumqayıt”dan ayrılmağına səbəb nə oldu? Baş məşqçi Samir Abasov belə istədi, yoxsa özün ayrıldın?
– Müqaviləmin müddəti başa çatmışdı. Sonra isə “İnter”dən təklif gəldi və bura keçməyi qərara aldım.
– Necə düşünürsən, “İnter”dəki çıxışınla milliyə qayıda biləcəksən?
– Bəli, çalışacam ki, özümü göstərib yenidən millinin formasını geyinim.
– Pərdis, son vaxtların ən çox danışılan məsələlərindən biri də yayılmış videogörüntülərindi…
– Xeyr, bu haqda danışmaq istəmirəm. (bu vaxt getmək istəyir)
– Hamıya sənin açıqlamaların maraqlıdı, danışıb ən azı günahkar olmamağın haqda nəsə bir şey deyə bilərsən…
– Bu hadisə 4 il əvvəl olub…
– Bəs niyə bu məsələ “İnter”ə keçdikdən sonra ortalığa çıxıb?
– Mən də bilmirəm ki, bunu kim və niyə məhz indi edir. Bəlkə də kimsə pisliyimi istəyir. Videonu kim yayıb, heç onu da bilmirəm. İlk dəfə görəndə pis oldum.
– Komanda yoldaşların bu məsələyə nə münasibət bildirdi?
– Biz belə şeyləri danışmırıq. (gülür)
ELMAR ABDULLA-ZADƏ