Müsahibə
Qurban Qurbanov: "Başqa çıxış yolumuz yoxdu"
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cava…
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Qarabağ" – "Viktoriya" görüşündən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis məğlubiyyətə bərabər heç-heçəni unutmağın çətin olacağını etiraf edib.
– Futbolçuların hər birindən razı qaldım. Hər birimiz qalib gəlmək istəyirdik.Təəssüf ki, futbolda bəzən düşünmədiyin, gözləmədiyin hadisələr baş verir. Əlbəttə, bu oyunu unutmaq çətin olacaq. Bəlkə də bizə belə təsiredici zərbə olmamışdı. Azarkeşlərimizə təşəkkür edirik.
– Əfrandan sonrakı əvəzetmələri səhv hesab etmirsiniz?
– Xeyr, belə düşünmürəm. Rəqib uzun ötürmələrdən istifadə edirdi. Bu üzdən də Riçardı Elvinlə əvəzlədik. Oyunun gedişatına əvəzetmələrin təsiri olduğunu düşünmürəm.
– Hiss olunur ki, çox məyussunuz. Avroliqanın pley-offunadək bərpa olmaq olacaq?
– Çalışmalıyıq ki, buna nail olaq. Başqa çıxış yolumuz yoxdu. Əks halda məğlub olmuş olarıq. Diqqətli olmalıyıq.
– İtaliya "İnter"i ilə oyun daha təsiredici idi, yoxsa "Viktoriya"ya qarşı?
– Yadıma saldınız yenə… Qismətimiz bu imiş. Gəlin yaxşı xatirələri yada salaq.
– Mərhələ adlamamağınızın sirri istədiyiniz transferləri reallaşdıra bilməməyinizdi?
– Transfer etməyi həmişə istəmişik. Baş tutsaydı, heç kim deyə bilməz ki, bu axşam daha yaxşı olardı, yoxsa pis.
– İlk oyunda bu üslubda oynamaq olmazdımı?
– Nəzərə almaq lazımdı ki, rəqib meydanında oynayırdıq. Onlar evdə daha inamlı oynayırdı.
– Mahir Mədətovun 18-likdə olmaması nə ilə əlaqədar idi?
– Mədətovun yoxluğunun ciddi səbəbi yox idi. Sadəcə, hücumları cinahdan qurmağı planlaşdırmışdıq. Belədə, mərkəz hücumçusuna zərurət duyulmurdu. Hesabda geri düşsəydik belə, hücumları sırf cinahlardan qurmağı planlaşdırmışdıq.