Müsahibə
Yunis Hüseynov: “Qol vurmaqdan ötrü gərək oyun qurasan”
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cava…
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Viktoriya” (1:1) matçı ilə bağlı Yunis Hüseynov fikirlərini futbolinfo.az saytına bildirib:
– “Bəxt güclülərin üzünə gülür”. Bu fikrlə razısınız?
– Dünənki oyunla bağlı deyirsinizsə, fikirlərimi bildirim: “Qarabağ”ın bəxti gətirmədi. Hər futbolçu meydana qələbə əzmi ilə çıxır. Biz dünən də bunun şahidi olduq. “Qarabağ” da meydana məhz bu cür çıxmışdı. İstəkləri də həddən artıq çox idi. Amma futbolda möcüzələr həmişə olur. Oyunçular ələ düşən imkanlardan istifadə etməli idi. Rəqib 90 dəqiqə ərzində 1 təhlükəli vəziyyət yaratmadı. Təəssüf ki, 85-ci dəqiqədə yeganə şansından yararlandı. Dünənki oyunda bəxtsizlik oldu. Futbolçular həddən artıq ciddi olmalıdı. Belə şansları əldən vermək olmaz.
– Qeyd etdiniz ki, rəqibin 1 qol imkanı oldu. Belə başa düşmək olar ki, “Viktoriya”nın səviyyəsi əlinə düşən yeganə şansdan yararlanacaq qədərdi?
– Rəqib pis komanda deyil, keçmək olardı. Həddən artıq güclü də deyildilər. Çexiyadakı matçla buradakı arasında fərq oldu. Onlar ilk oyunda pis təsir bağışlamamışdılar. Amma Bakıda görüşün ilk 15-20 dəqiqəsində pressinqdən istifadə etdi. Daha sonra “Qarabağ” üstünlüyü ələ alıb, qol şansları yaratdı. Hesab açıldıqdan rəqib irəli atıldı. Son 15-20 dəqiqədə ağdamlıların yaratdığı çoxsaylı qol şansları da məhz bundan irəli gəlir. Çünki “Viktoriya” futbolçuları hücuma atılmışdı. Amma buna baxmayaraq, çexlər qol imkanları yarada bilmirdilər.
– Plzendəki matçın 74-cü dəqiqəsində rəqib komanda azlıqda qalmışdı. Oradakı oyunda “Qarabağ”ın hücuma atılıb, qol vurmaq istəyi yox idi…
– Çexlər azlıqda qaldıqdan sonra qol buraxmamağa çalışırdı. Bütün mövqeləri düzgün bağladılar deyə, “Qarabağ” qol şansı yarada bilmədi. Qol vurmaqdan ötrü gərək oyun qurasan, rəqibin zəif nöqtələrini tapıb, istifadə etməlisən. Çexiyadkı oyunda isə “Viktoriya” 9 nəfərlə bunu edib, “Qarabağ”a qol imkanı vermədi.
– Rəqib 9 nəfərlə müdafiə olundusa, “Qarabağ” niyə bunu 11 oyunçu ilə bacarmadı?
– Mən deyərdim ki, “Qarabağ” müdafiə olunmağı bacardı. Çünki rəqib dediyim kimi, 1 dənə də olsun, təhlükəli vəziyyət yarada bilmədi. Sadəcə, sırf bəxtsizlik “Qarabağ”ın yolunu kəsdi. Təmsilçimiz hücumda da pis oynamadı. 4 real qol şansını əldən verdilər.
ELMAR ABDULLA-ZADƏ