Ölkə futbolu
Ayaq altına atılan Premyer Liqa
Premyer Liqa məhəllə çempionatına çevrilməkdədi. C…
Premyer Liqa məhəllə çempionatına çevrilməkdədi. Cəmi 8 komandanın mübarizə apardığı yarışda kələfin ucu itib.
İlk 2 turda 2 matçın meydan sahibini, daha birinin yerini dəyişən Peşəkar Futbol Liqası dünən daha bir qərarı ilə təccübləndirdi. Bəlli oldu ki, bizim çempionatda tur ərzində 4 oyunun keçirilməsi də çoxdu.
Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qəbələ”nin Peşəkar Futbol Liqasına etdiyi müraciət müsbət qarşılanıb və bu komandanın “Sumqayıt”la 3-cü turdakı matçı qeyri-müəyyən vaxta təxirə salınıb. Qurum bunu “Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışı və ölkəmizi qrup mərhələsində təmsil etmək perspektivini nəzərə almağıyla əsaslandırıb.
Maraqlıdı, görəsən, PFL eyni gündə eyni yarışda mübarizə aparan “Qarabağ” haqda niyə eyni “ölçünü götürmür”? Ağdamlıların da matçını təxirə salıb 2 oyunluq tur keçirmək daha maraqlı olardı. Onsuz da sonda komandalardan tən yarısı avrokuboklara vəsiqə qazanacaq.
Ayıbdı, vallah. “Qəbələ”ni düşündük – lap yaxşı, bəs, səviyyəsi günü-gündən düşən çempionatın imici heç kimə lazım deyil? Onsuz da milli komandaya görə yarışlara uzun müddət fasilə veriləcək. O zaman “Sumqayıt”ın 1 ay futbol oynamaması heç kimi maraqlandırmır?
Özü də yığma komandaya görə fasilə olan zaman avrokubok matçları keçiriləcək, ardınca da bütün Avropada çempionatlar davam edəcək. Bircə bizdə San-Marinoyla oyuna görə Robert Prosineçki üçün taym-aut götürüləcək. Ölkənin futbol imicini məhv olmağa qoymayan klublara zərbə vurmaq, onları ritmdən salmaq olarmı?
PFL hamının arzusunu yerinə yetirir – “Qəbələ”nin, Procineçkinin, meydan dəyişmək istəyən klubların… Axı, bütün bunlar sonucda Premyer Liqanın səviyyəsini ayaq altına atır. Cəmi 3 turunun təqvimi bəlli olan çempionat buqədərmi önəmsizdi?
FƏRİD