Müsahibə
Muarem Muarem: "AZAL Arena"nın süni örtüyü digərlərindən çox fərqlənir"
“Qarabağ”ın futbolçusu Muarem Muarem Premyer Liqa…
“Qarabağ”ın futbolçusu Muarem Muarem Premyer Liqanın 10-cu turu çərçivəsində AZAL-la oyundan sonra (1:0) futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.
– Oyun haqqında fikirlərinizi bildirin, zəhmət olmasa…
– Çətin olacağını bilirdik. Ona uyğun hazırlaşmışdıq. Bizə qarşı çox aqressiv oynayırdılar. Oyunun əvvəllərində meydança ilə bağlı bir az problem yaşadıq. Ancaq yekunda bizim üçün çox vacib olan 3 xalı qazana bildik.
– Meydançadan şikayət edirsiz, bu, nə qədər çətinlik yarada bilər ki?
– İnanın ki, çox çətinlik yaradırdı. Özəlliklə bu arenanın süni örtüyü digərlərindən çox fərqlənir. Bizim üçün çox pis vəziyyət idi. Ayaqlarımız ağrıyırdı. Bir vəziyyət yaratdıq və ondan istifadə etdik. Qoldan sonra da bəzi imkanlarımız oldu, yekunda qalib gələ bildik.
– Vurduğun qol oyundan kənar vəziyyətə oxşayırdı. Səncə, qaydalar çərçivəsində fərqləndin?
– Mən sadəcə, topa baxırdım, rəqib oyunçuya fikir vermədim. Dəqiq nəsə deyə bilməyəcəm.
– Sıx qrafiklə oynamaq komandanın fiziki vəziyyətinə nec təsir edir? Yorğunluq varmı?
– Əlbəttə var. Qrafikin sıx olduğunu bilirik, görürük. Ancaq baş məşqçi bizə şərait yaradır. Bəzən kimisə dincəldib, digərini oyuna salır. PAOK oyununa qədər qarşıda hələ 5 gün var. Dincəlib, yaxşı hazırlaşacağıq.
ELMAR ABDULLA-ZADƏ