Müsahibə
Elxan Abdullayev: "Ən böyük problemimiz hücumla bağlıdı"
Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Qaraba…
Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Qarabağ”la heç-heçə edən (1:1) “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Abdullayev oyunla bağlı bunları deyib:
– Fasilədən sonra ilk oyunlar həmişə ağır olur. Çempionla qarşılaşırdıq. Bəlkə də, elə baxımlı oyun olmadı, ancaq meydanda mübarizə var idi. Mən çox bəyəndim. Azarkeşlərə bu soyuqda bizi dəstəklədiklərinə görə təşəkkür edirəm.
– Namiq Ələsgərovun bu “18”-liyə salınmamasının səbəbi nə idi?
– “Qarabağ”la razılıq əldə olunub ki, bu mövsümdə bu kluba qarşı oyunlarda Namiqi oynatmayaq. Qurban müəllim sağ olsun, onun “Neftçi”yə keçidinə icazə verdi.
– Oyundakı mübahisəli epizodlar barədə nə deyə bilərsiz?
– Bu barədə dəqiq bir söz deyə bilmərəm. İndi isti başla nəsə desəm, birdən səhv olar.
– İstədiyiniz “Neftçi”ni qura bilmisiz?
– Hazırda ən böyük problemimiz hücumla bağlıdı. Yeni hücumçu komandaya qoşulduqdan sonra başqa cür ola bilər.
– Kamal Qurbanovla bağlı nə deyə bilərsiz?
– Kamal perspektivli oyunçudu. Onu Antalyaya aparmadım ki, bəlkə burda komanda tapdı. Onu icarəyə verərdik. Ancaq tapa bilmədi. O, bizim oyunçumuzdu.
– Fasilədə komandanın üzvləri isinmə hərəkətləri etmədi…
– Buna ehtiyac görmədim. Hava soyuq idi. Özüm hamını paltardəyişmə otağına çağırdım. İkinci hissə başlayandan sonra isə ehtiyat oyunçular isinmə hərəkətləri etdilər.
– Qarşıda daha iki liderlə qarşılaşacaqsız. Bu komandalarla oyunlara psixoloji cəhətdən hazırsızmı?
– Onsuz da, bu komandalarla qarşılaşmalıyıq. Gec, ya da tez. Bu, elə də önəmli deyil.
– Yeni hücumçunuz Barqasla bağlı nə deyə bilərsiz?
– Peşəkar və istedadlı oyunçudu. Yaxşı klublarda çıxış edib. 30 yaşı olması təcrübə baxımından yaxşıdı. İnanıram ki, o, komandaya kömək edəcək.
ELMAR ABDULLA-ZADƏ