Ölkə futbolu
Gəncə stadionu təmirə bağlanır!
Gəncəlilərə şad xəbər var. Azarkeşlərin üsyan etdiyi, im…
Gəncəlilərə şad xəbər var. Azarkeşlərin üsyan etdiyi, imkan düşdükcə qabartdığı problem həllini tapmaqdadı.
“Futbolinfo”nun məlumatına görə, şəhərin stadion problemi tezliklə həllini tapacaq. Daha doğrusu, qismən.
Rəqib komandaların oynamaq istəmədiyi arenada təmir işlərinə start verilir. Mayın 1-dən etibarən daş döçəməni xatırladan qazon qazılacaq. Növbəti mövsümün startına kimi isə burada yeni yaşıl örtüyün salınması planlaşdırılır. Təmir işlərini ingilis mütəxəssislərin aparacağı deyilir.
Təmir işləri AFFA-nın maliyyəsi hesabına reallaşacaq. Qurum narazılıqları nəzərə alaraq, ölkənin ikinci böyük şəhərində meydanın qaydaya salınmasına qərar verib.
Lakin problem bununla bitmir. “Kəpəz”in ev oyunlarını keçirdiyi arena, ümumiyyətlə, qəzalı vəziyyətdədi. Tribunaları saxlayan sütunlar hər an dağıla bilər. Bundan başqa, stadionda rəsmi qonaqlar üçün tribunalar da baxımsız vəziyyətdədi. Klubun bazası təmir edilməli, əlavə məşq meydançaları salınmalıdı. Təbii ki, bütün bunları AFFA-nın boynuna yükləmək olmaz, heç qazonun təmiri də onların borcu deyildi. Şəhər icra hakimiyyəti, stadionu balansında saxlayan Gənclər və İdman Nazirliyi də bu işə dəstək versə, yaxşı olar.
Əsas odur ki, problem “ölü nöqtə”dən tərpəndi. Ümid edirik, mayın 1-də xəbərimiz doğrulacaq. AFFA-dan və “Kəpəz”dən bu barədə informasiya almaq cəhdlərimiz boşa çıxsa da, məlumat çox etibarlı mənbədəndi.