Milli komanda
AFFA araşdırmaya başladı: tezliklə rəsmi açıqlama olacaq!
Bilet qalmaqalı AFFA-nı da ciddi narahat edir. Artıq bu barədə qu…
Bilet qalmaqalı AFFA-nı da ciddi narahat edir. Artıq bu barədə quruma müraciətlər başlayıb. Bunu futbolinfo.az saytına açıqlamasında assosiasiyanın Marketinq və Sponsorluq Departamentinin rəhbəri Tural Piriyev etiraf etdi.
Tural bəy əməkdaşımızla söhbətində faktı təsdiq etdi: “Artıq bu barədə ciddi araşdırmaya başlamışıq, məsləhətləşmələr aparırıq. Hazırda bütün məlumatları toplamağa çalışırıq. Düzü, vəziyyət bir qədər qarışıqdı. Söhbət təkcə bileti ola-ola kənarda qalanlardan getmir. Bizim poçtumuza gələn məktublardan, sosial şəbəkədəki səhifəmizə gələn müraciətlərdən anlaşılır ki, turniketləri keçəndən sonra yer tapa bilməyən insanlar da olub. Yəni, burada biletlərin pulunun geri ödənilməsi ilə bağlı məsələdə də problem var, qarışıq vəziyyətdi. Hər halda, bu işlə ciddi məşğuluq və yekun qərar verəcəyik. Ümid edirəm, problemlə üzləşən azarkeşləri razı sala biləcəyik”.
Piriyevin dediyinə görə, yaxın saatlarda qurumun bununla bağlı xüsusi açıqlaması olacaq və ictimaiyyətə rəsmi məlumat veriləcək: “Detallara varmaq istəmirəm, amma bu işlə ciddi məşğuluq. Təkrar edirəm: öncə problemin miqyasını dəqiqləşdirməli, sonra çıxış yolunu müəyyənləşdirməliyik”.
Tural bəy vəziyyətin belə alınmasına görə bir neçə səbəb göstərir: “Kimisə günahlandırmaq istəmirəm. Zənnimcə, stadionun girişinin bir qədər münasib olmaması bu işdə rol oynadı. Biletlər xeyli öncədən satılıb qurtarmışdı. Oyun saatında bileti olmayan minlərlə insan bileti olanlara qarışdı, hətta turniketlərin qarşısında tıxac yaratdılar. Belədə bileti olan insanlar da problemlə üzləşdi. Məncə, Respublika stadionuna giriş bir qədər narahat yerdədi. Hamı eyni girişdən keçdiyindən problem yaranır”.
Həmsöhbətimiz “Sizə elə gəlmirmi ki, belə oyun üçün daha böyük tutumlu Olimpiya stadionu seçilməliydi” sualına belə cavab verdi: “Bu qərarı mən vermirəm. Düzdü, hətta Moldovayla yoxlama matçına daha çox adam gəlmişdi, İtaliya ilə görüşdə 38 minlə azarkeş rekordu qırılmışdı. Milli komandamızın indiki uğurlu çıxışı halında bəlkə də belə ajiotaj gözlənilən idi, daha iritutumlu arenaya gərək vardı. Lakin stadionla bağlı qərarı mən vermirəm. Bu arenanın da seçilməsinin yəqin ki, səbəbləri var”.
Tural bəydən könüllülərin əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə bir o qədər fəal olmamasının səbəbini soruşduq. Çünki Respublika stadionunda əvvəlki oyunlara 100 könüllü cəlb olunurdusa, bu dəfə say 130-dək artırılmışdı. Lakin bu, nəticədə özünü göstərmədi: “Bu barədə nəsə deyə bilmərəm. Ola bilər ki, onların işi əvvəlki kimi effektli olmayıb və belə problem ortaya çıxıb. Mən polisləri də qınamaq istəmirəm. Biz hələ araşdırmalıyıq və qeyd etdiyim kimi, bu barədə rəsmi məlumat yayacağıq”.
AĞA
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…