Premyer-liqa
Qurban Qurbanov: "3 gündən bir oyun oynamaq problem yaradır"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz P…
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Çempionatın ən gərgin oyunlarından biri oldu. Mövsümün sonuna yaxın daha da çox gərginlik olacaq. Vacib 3 xal qazandıq. 3 gündən bir oyun oynamaq problem yaradır. Futbolçularımız bu gün düzgün oynadılar. Hamısını təbrik edirəm.
– Oyunun gedişində "Qəbələ" – "Zirə" görüşünün hesabından xəbəriniz var idi? Yəni, əsas rəqibinizin xal itirməyə doğru getdiyini bilirdiniz?
– Nəticəni oyundan sonra bildim. Bu barədə deyil, öz matçımızı düşünürdük.
– Növbəti matçlarınızı Tofiq Bəhramov Respublika stadionunda keçirməyiniz mümkündü?
– Hər şey "Azərsun Arenan"nın durumundan asılıdı. Bəli, "Neftçi" və "Qəbələ"ni burada qəbul edə bilərik.
– "Neftçi" düşərgəsində Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"ı keçməyin mümkünlüyü danışılır. Bu barədə nə deyə bilərsiniz?
– İndi futbol elədi ki, hər şey ola bilər. Cavab matçı "Neftçi" üçün daha rahat olacaq. Biz onları səfərdə 2:0 hesabı ilə məğlub etmişiksə, eyni şeyi onlar da edə bilər. Zədəli futbolçularımız çoxdu. Bir dəfə təbii ot örtüyündə oynayırıq, bir dəfə sünidə. Bu da zədələri çoxaldır.
– AFFA İcraiyyə Komitəsinin üzvlərindən birisiz. Son iclasda süni meydançaların dəyişdirlməsi məsələsi müzakirə olundu?
– Bəli, müzakirə olunub. Stadionların ot örtüklərinin yaxşılaşdırılması üçün müəyyən işlər gedir. Məsələn, Gəncə şəhər stadionun qazonu dəyişdiriləcək.
– Qara Qarayevin xarici kluba transfer məsələsi ilə bağlı bir yenilik yoxdu ki?
– Biz Qarayevlə bağlı heç bir rəsmi təklif almamışıq. Hazırda bu məsələ gündəmdə deyil.