Bizi izləyin

Ölkə futbolu

Ramin Musayev: “Bütün Premyer Liqa klublarının PFL-ə borcu var”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibə v…

blank
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibə verib. Rəhbərlik etdiyi qurumun 9-cu ad günündə danışan funksioner bir sıra məsələlərə aydınlıq gətirib.
 
–  2 iyul tarixi Ramin Musayev üçün nədi?
–  Baxmayaraq ki, polisdə çalışmıram, o sahədə yaxşı dostlarım var. Azərbaycan Polis Günü mənim üçün əlamətdar gündü. O sahəyə böyük qiymət verirəm. Deyim niyə? 15 ilə yaxındı ki, futbol sahəsində çalışıram. Ancaq bir dəfə görmədim ki, hansısa keçmiş futbolçu indi oynayana hörmət eləsin. Ötən əsrin 95-ci ilindən polis sistemindən uzaqlaşmışam, ancaq sabiq həmkarlarıma vaxtilə bu sahədə çalışdığımı deyəndə, xüsusi hörmət qoyur, rəğbət bəsləyirlər.
 
Eyni zamanda bu tarixdə Peşəkar Futbol Liqası yaranıb. Qiymət verənlər də sağ olsun, verməyənlər də. Tarix heç zaman itirilmir, unudulmur. 1400-1500-cü illərdə salyanlı bir hacı Gürcüstandan lazımi dini sənədləri qorumaq üçün Azərbaycana gətirmişdi. Cəmi 3-4 il əvvəl həmin sənədlər üzə çıxdı və dinə belə bir dəyər verən insan xatırlandı. Yəqin nəvaxtsa PFL-in əməkdaşlarına da dəyər verilər və xatırlanar ki, futbolun inkişafında bu insanların zəhməti olub. Şükür ki, Allah zəhmətimizi itirmədi. Bu gün Avropada 23-cü yerdəyik.
 
Nəhayət, Beynəlxalq İdman Jurnalistləri Günüdü. İdman jurnalistləri olmasa, görülən işləri kim qələmə alacaq, kim işıqlandıracaq, kim futbol ictimaiyyətinə çatdıracaq? Bu münasibətlə də sizin timsalınızda bütün idman mediasını təbrik edirəm.
 
– Azərbaycan klub reytinqində 23-cü yerdədi. Qitəmiqyaslı yarışlar da artıq start götürüb…
–  Həm “Zirə”, həm də “İnter” hamımızı sevindirdi. Həm məzmunlu, ağıllı oyunu ilə, həm də qazanılan nəticələrlə. “Zirə”yə görə çox sevindim. Tarixində ilk dəfə avrokuboklara çıxan komandanın başında öz balamız – Ayxan Abbasov dayanıb. Oyunu VİP lojadan izləyirdik. Hamımız da eyni fikrdə idik ki, orta xətdə boşluq var. Ayxan da bizimlə eyni fikirdə olduğunu nümayiş etdirdi. Rəşad Sadiqov oyuna daxil olduqdan sonra problem aradan qalxdı. İlk dəfə qitəmiqyaslı matça komanda çıxaran gənc çalışdırıcı özünü itirmədi, oyunu oxudu və düzgün müdaxilə etdi. Rəqibin zəngin Avropa təcrübəsi var idi. Ancaq bizim Ayxan balamız yorulmaq bilməyən rəqibə oynamağa imkan vermədi.
 
Baxmayaraq ki, UEFA-nın qərarına əsasən “İnter” 2 "transfer pəncərəsi"ndən istifadə edə bilməzdi, belə alındı ki, komanda 3 dəfə oyunçu ala bilməyib. Bu cür durumda, nə gizlədim, “İnter”in “Mladost”u udacağını gözləmirdim. Deyirdim ki, səfərdən bərabərliklə dönsələr əla olar. Belə bir vəziyyətlə üzləşən komandaya, Zaur Axundovun böyük futbolda debütünə görə, çox arzu edirdim ki, “İnter” Serbiyadan alnıaçıq dönsün. Deyirdim, heç olmasa heç-heçə oynasınlar, Zaur ruhdan düşməyə. Axı, onun futzaldakı uğurlarını görmüşük. Futbolda da uğurlu olması üçün debütdən çox şey asılı idi.
 
Yəqin ki, bu qələbələrdə 0,1% də PFL-in zəhməti var. Fikir verin, reytinqdə Kipr, İsveç və Şotlandıyanı qabaqlayırıq, Belarus və Bolqarıstan artıq nəfəsimizi hiss edir. İnanıram ki, onları da bu il arxada qoyacağıq.
 
–  İndi də “İnter”in başının üstünü başqa bulud kəsdirib – stadiondan çıxarırlar…
–  Mən də eşitmişəm bu söhbəti. Ancaq bizim idmana bağlı, idmanı çox sevən ölkə başçımız var. Mənə belə gəlir ki, prezidentimizə bu söhbət çatsa, buna nöqtə qoyar. Çünki idmanın şahı futboldu. “İnter”I çıxarıb, əvəzində həmin stadionda hansı işi görəcəklər ki? “İnter” 3 ildi oyunçu ala bilmir, amma öz məhsulu – yetirmələri hesabına üzdə qala bilir, batmır. Deməli, klubun bünövrəsi düzgün qoyulub.
 
–  Avrokubok mövzusunun davamı olaraq, “Qarabağ” və “Qəbələ” barədə də fikirlərinizi bilmək istəyərdik. Yoxlama oyunlarında göstərilən nəticələr sizi təşvişə salmayıb?
–  Həm Roman Qriqorçuk, həm də Qurban Qurbanov qitəmiqyaslı turnirlərdə sözlərini demiş mütəxəssislərdi. Qurbana ona görə arxayınam ki, onun komandası uduzduqdan sonra daha yaxşı oynayır. Qurbanın komandası daha çətin vəziyyətdə əla toparlanmağı bacarır. Səfərdə daha inamlı futbol sərgiləyirlər. Qriqorçuk da öz sahəsinin peşəkarıdı. Onlar hər şeyi yaxşı görür. İnanıram ki, həm “Qarabağ”, həm də “Qəbələ” ilk rəqiblərini keçə biləcəklər.
 
–  Proqnoz verməkdən heç vaxt çəkinməmisiniz. İndiki durumda nə gözləyirsiniz?
–  Əminəm ki, komandalarımızın 4-ü də ilk səddəki rəqiblərini adlayacaqlar.
 
–  Bəs, qrup mərhələsi?
–  Nə gizlədim, bir komandamızı qrupda görsək, sevinərəm. Komandalarımızın maddi durumu zəifləyib. Püşkdən də çox şey asılıdı.
 
–  Ramin müəllim, 9 il əvvəlki kreslonuz daha narahat idi, yoxsa bugünkü?
–  Sözsüz ki, əvvəlki. Onda hər şeyi yenidən qururduq. Kollektivimiz yeni idi. Bünövrə, təməl möhkəm olmalı idi. İndi hər şey öz axarı ilə gedir.
 
–  Bu müddət ərzində ən böyük çətinliyiniz nədən ibarət olub?
–  Rövnəq Abdullayevlə “Neftçi”də işlədiyimiz dövrlərdə bizə AFFA tərəfindən böyük təzyiqlər olurdu. Hakimlər bizimlə salamlaşmağa da qorxurdular. AFFA-nın əvvəlki rəhbərliyi “Neftçi”ni yıxmaq üçün çox səylər göstərdi. Ancaq Rövnəq Abdullayev AFFA prezidenti seçildiyi ilk gündən ədalət prinsipinin qorunmasını tələb etdi. Mənə dedi ki, bütün komandalara eyni münasibət göstərilməlidi. Heç kimə zərrə qədər simpatiya göstərilməməlidi. Ancaq yenə də əvvəlcə dedilər ki, “Neftçi”ni çempion mən etdim, sonralar da deyilir ki, Qurban Qurbanovla dostuq və bu səbəbdən “Qarabağ”ı irəli çəkirəm. Yaxşı, “Neftçi”ni çempion mən etdim, bəs, Avropa Liqasının qrupuna necə düşdülər? İnsan dürüst olmalı və düzgün mülahizələr qurmağı bacarmalıdı. Niyə əvvəllər avrokuboklara vəsiqə qazanan komandalar 1 mərhələdən o tərəfə keçə bilmirdi? Çünki mübarizə dürüst yollarla aparılmırdı. İndi deyirlər ki, onsuz da yetişmişdi, əvvəl-axır qrupa düşməli idik. Ancaq elə deyil. Heç nə yetişməmişdi. Çalışdıq ki, ədalət olsun, kiminsə haqqı tapdanmasın. Belə yerdə nəticə də olur.
 
İşimizin ilk illərində hakimlərin qərəzli səhvləri olurdu, bununla çox ciddi mübarizə apardıq. Şükür ki, indi bu cür hallar yoxdu. Bu gün klub rəhbərləri də bilir ki, hakim səhvləri olsa da, bu, qərəz deyil. Bax, ən böyük çətinliyimiz futbolumuza bu dürüstlüyü gətirmək uğrunda mübarizəmiz oldu.
 
– Hakimlikdən çox arxayın danışırsınız. Bu əminlik sizdə hardandı ki, onlar qərəzli səhv etmir?
– “Neftçi”də işlədiyim dövrdə Rövnəq müəllim bütün müqavilə səlahiyyətlərini mənə həvalə etmişdi. Ovaxtkı oyunçu və məşqçilərdən də soruşa bilərsiniz. Mənim onların heç biri ilə yazılı müqaviləm olmayıb. Aramızdakı müqavilə kişi sözü idi. Yığdığın kollektiv tam güvəndiyin və etibar etdiyin insanlardan qurulmalıdı. PFL daxilində 1-2 belə hadisə olub ki, rüşvət aldıqlarını öyrənmişəm. Dərhal da işdən azad olunublar. Bu gün Premyer Liqa oyunlarını idarə edən hakimlərimizin hansısa klubdan pul alması mümkün deyil.
 
–  Sizin qədər Xaqani Məmmədovu müdafiə edən ikinci şəxs yoxdu. Həmin Məmmədov da on cüt gözün gördüyü aşkar hakim səhvinə “qərar doğru idi” donu geyindirməyə çalışır. Sizcə, bu, Hakimlər Komitəsinin sədrinin iradəsizliyindən irəli gəlir, yoxsa futbol ictimaiyyətini küt hesab etməsindən?
–  Nə onun, nə də heç birimizin insanlara hörmətsiz yanaşmaq ixtiyarımız yoxdu. Ancaq qaydalarda elə bir dəyişikliklər olur ki, mətbuat, azarkeşlər bunu bilmir. Bir misal çəkim. Otağımda 8 nəfər oturmuşdu və 7-si Elçin Məmmədovun səhv qərar verdiyini iddia edirdi. Ancaq PFL-ə yenicə operator vəzifəsinə gələn bir işçinin tutduğu epizod referinin doğru qərar verdiyini göstərdi. Futbolun gözəlliyidi bu.
 
“Zirə” – “Differdanj” oyunun rusiyalı qadın komissarı mənə sual verdi ki, videotəkrara münasibətin necədi? Dedim, mənfi. Çünki belədə, futbolun marağı itir. Güləşdə balışı atırlar ortalığa və hamı cavab gözləyir. Daha sonra isə Premyer Liqamızda neçə kollektivin iştirak etdiyini soruşdu və istiehzalı gülüşlə qarşıladı. Ancaq ona dedim ki, bizim 10 milyonluq ölkədə 8 komanda iştirak edirsə, sizin 150 milyonluq Rusiyada 160 komanda oynamalıdı.
 
Bilavasitə sualınıza gəldikdə isə Xaqaninin öz üzərində çalışan və vəzifəsini itirməkdən qorxan bir insan olduğunu bildirməliyəm. Məmmədov gecə-gündüz üzərində çalışan adamdı. Bir də insanda cəsarət olmalıdı. Səhvsənsə, bunu etiraf etməlisən. Hətta belə bir ideyam var idi ki, “CBC Sport” kanalında verliş hazırlayaq və ən böyük qalmaqala səbəb olan matçların hakimləri həmin epizodları şərh etsinlər. Fikir verdinizsə, çempionatın sonlarında qapı arxasına hakimlər təyin etmədik. Ona görə ki, bir-birlərinə mane olurlar. O, buna arxayın olur, bu da ona. Məsələn, Fariz Yusifov dedi ki, mənə qapı arxasında hakim gərək deyil. Xaqani bir şeyə 100 faiz əmindirsə, bunu deməlidi. “Qəbələ” – “Rəvan” matçında Elvin Əsgərov bakılıların qapısına 2 penalti təyin etdi. Fariz Nəcəfovla yanaşı oturmuşduq. “Qəbələ”nin vitse-prezidenti mənə “bu cür hakimlik olmaz” dedi. Açığı, mən də 2-ci penaltindən şübhələnmişdim. Qanım qaralmışdı. “Rəvan” rəsmiləri də baxır ki, oyunu Nəcəfovla birlikdə izləyiriksə, hakim də onlara simpatiya bəsləyir. Oyundan sonra pərt şəkildə Elvin Əsgərova yaxınlaşıb, ondan bu cür hərəkət gözləmədiyimi dedikdə, referi “adım kimi əminəm, hər iki halda düzgün qərar vermişəm”, dedi. Videotəkrara baxdıqdan sonra Elvinin düzgün qərar verdiyini gördük.
 
–  Onda belə bir məqama əlac edək: Xaqani Məmmədov hər bir mübahisəli epizoddan sonra “UEFA-nın təlimatlarına görə…”, “UEFA-nın son təlimatlarına görə…”, “UEFA-nın ən son təlimatlarına görə…” tipli açıqlamalarla artıq istehzalı gülüş doğurur. Məlum məsələdir ki, UEFA hər həftə təlimat dəyişmir. Məmmədov bütün yeni təlimatlar toplumunu yığsın bir yerə, biz – jurnalistləri də dəvət edib hamısını bölüşsün. Sabah biz ancaq onun dediklərinə söykənəcəyik. Ancaq hansısa hadisədən sonra yenidən “UEFA-dan ən təzə təlimat aldım” deməsin…
–  Tamamilə düzgün iraddı. Razılaşıram ki, media da, futbolsevərlər də yeni çıxan qərarlarla tanış edilməlidilər. Görüşün təşkil olunmasını deyə bilmərəm. Çünki ola bilər ki, bu görüşə KİV təmsilçilərindən ancaq 3-5 nəfər qatılsın. Ancaq istənilən yeniliklə bağlı məlumatın PFL-in rəsmi saytında yerləşdiriləcəyinə dair söz verirəm. Çox sağ olun ki, belə aktual məsələni qaldırdınız.
 
– Bəli, Ramin müəllim, növbə çatdı qarşıdan gələn çempionatımıza. Yeni qayğılar, yeni dedi-qodular, yeni problemlər. Ancaq bununla yanaşı, yeni emosiyalar. Səkkiz komandanın iştirak edəcəyi çempionatda bir debütant da var. “Səbail”dən gözləntiləriniz nədi?
– İndiki vəziyyətdə konkret cavab verməkdə çətinlik çəkirəm. Qoy komanda yığılsın, ondan sonra sualınıza cavab verə biləcəm. Ancaq Samir Əliyev futbolçu kimi özünü sübut edib. Həmişə başını sallayıb, öz işini görüb. İnanıram ki, Samir məşqçi kimi də sözünü deyəcək. Rəqiblərə başağrısı olan bir komanda quracağını düşünürəm.
 
–  Ümumilikdə necə, yeniliklər gözləyəkmi?
–  Hansı mənada?
 
– Məsələn, tur 4 gün davam etsin: hər gün bir oyun.
– Yox, yəqin ki, tur 3 günü əhatə edəcək. Bunu “CBC Sport” kanalı ilə müzakirə edəcəyik.
 
–  Topaz Premyer Liqasının püşkü nə vaxt atılacaq?
–  Hələ ki, dəqiq tarix bilinmir. İyulun sonları – avqustun ilk günlərinə planlaşdırırıq. Biz təqvimi avrokubok iştirakçılarına uyğun qurmaq istəyirik. Məsələn, Avstriya Bundesliqasında təqvim açıqlanır, ancaq oyun günləri hər ayın əvvəlində bilinir. Bunun da başlıca səbəbi qitəmiqyaslı turnirlərdə iştirak edən komandalara mane olmamaqdı.
 
– Premyer Liqa iştirakçılarının 50 faizi qitəmiqyaslı turnirlərdə iştirak edir. Eyni zamanda klublarımız oyun praktikası sarıdan da əziyyət çəkirlər. Bəlkə İngiltərə praktikasından yararlanaq və Liqa Kubokunu da təşkil edək? Yəni, ilk iki pillənin sahibi və ölkə Kubokunun qalibi ilə yanaşı, Liqa Kubokunu başı üzərinə qaldıran komanda da qitəmiqyaslı turnirə qatılsın. Belədə, komandaların oyun praktikası da artar, mövsüm də bir qədər uzanar, rəqabət də artar…
– Komandalar eyni rəqiblə üz-üzə gəlməkdən bezirlər. Elə məqamlar yaranır ki, ardıcıl 3 dəfə eyni kollektivlə oynayırsan. Ancaq gətirdiyiniz dəlillər də əsaslıdı. Bu təklif üzərində üzümüzə gələn mövsüm yox, 2018/19 mövsümü öncəsi fikirləşərik.
 
– Azərbaycan Kuboku Topaz Premyer Liqasının kölgəsində qalmayıb?
–  Düşünmürəm. Əgər Divizion klublarının elita təmsilçiləri qarşısında zəif təsir bağışlamalırını nəzərdə tutursunuzsa, “Zaqatala” kimi istisnamız oldu. Ancaq bunun stabil xarakter alması üçün aşağı dəstə klublarının maddi durumları yaxşı olmalıdı.
 
–  Diviziondan söz düşmüşkən, neçə komandanın iştirakı gözlənilir?
– On kollektivin mübarizə aparacağı gözlənilir. Ötən mövsüm mübarizə aparmışlardan iştirakını hələ ki, “Şəmkir”lə “Bakılı” təsdiqləməyib. “Binə” klubu divizionda mübarizə aparmaq istədiyini bildirib.
 
– Bəs, “Bakı”?
– Dünən (söhbət iyulun 3-də olub – red.) bu komandanın rəsmiləri ilə görüşüm olub. Dedilər ki, işlər qaydasına düşməkdədi. Təki onlar iştirak etsinlər, buna ancaq sevinərik. “Bakı”, “Xəzər Lənkəran”, “Karvan” kimi klublarımızın rəhbərli futbolu sevən insanlar olub. Onların qayıdışına ancaq sevinərəm.
 
– Legioner limiti. Təcrübə göstərir ki, limitin tətbiqi həm klublarımıza, həm də yığmaya ziyandı. Fakt budu ki, limit olmasa, Azərbaycanda yerli futbolçulara verilən pula qat-qat səviyyəli legioner gətirməklə, klublarımız güclənər və qitə arenasında daha uğurlu çıxış edərlər. Belədə, yerli futbolçular da məcbur olub ölkə xaricində oynamağa gedəcəklər. Deməli, bundan yığma da qazanacaq.
– Limit aradan götürülsə, Azərbaycan çempionatında 50 yerli futbolçu oynayırdısa, qalacaq onu. Bəs, qalanlarını neyləyək?
 
– Sizə kəmiyyət lazımdı, yoxsa keyfiyyət?
– Legioner heç vaxt klub adına can yandırmayacaq. Gələcək, pulunu qazanıb, gedəcək. “Qaranquş gəldi-gedərdi, bizə sərçələr qalacaq”. Yığmanı da fikirləşək. Axı, yığmada azərbaycanlı futbolçular oynamalıdı.
 
– Elə biz də yığmanı düşünürək, bu təklifi israrla irəli sürürük. Praktika göstərir ki, Azərbaycanda 100 min alan oyunçu heç vaxt ölkə xaricinə eyni məbləğə getməyəcək. Limit götürüləcəyi təqdirdə isə həmin dediyiniz “sərçələr” avtomatik “qaranquş” olmağa can atacaqlar. Belədə, legioner həyatı yaşayan azərbaycanlı futbolçuların səviyyəsi qalxacaq və nəticədə millimiz güclənəcək. Bəli, müəyyən qrup oyunçulara nə Azərbaycanda, nə də ölkə xaricində yer tapılmayacaq. Bu da təbiidi. Axı, “incəsənət qurban tələb edir” və keyfiyyət istəyiriksə, kəmiyyətin arxasınca düşməməliyik…
–  Qitəmiqyaslı oyunlarda komandalarımız niyə uğurlu çıxış edir? Görün həmin oyunlara nə qədər azarkeş gəlir! Futbolçu da həmin matçlarda canını qoyur. Küçədə, stadionda, hansısa tədbirdə bizim gənclərin əynində əcnəbi futbolçunun maykasını görəndə bunu özümə təhqir bilirəm. Bizim dövrümüzdə futbolçularımızın maykalarını geyinirdilər. Klublar fan-klublarla görüşmürlər, görüşəndə də çağırıb konkret şüarlar səsləndirməyi tapşırırlar. Mən də klubda çalışmışam və ölü arxasınca danışmıram ki, deyəsiz tapmaq olmur. Həmin fan-klubdu ki, durub yerində. Futbolçunu oynamağa məcbur etməliyik. Hamı futboldan danışır. Soruşurlar ki, Ramin müəllim, futbol nə vaxt inkişaf edəcək? Deyirəm, sən stadiona gələndə. Deyirəm, 3 dəfə stadiona gəl, futbol inkişaf edəcək. Türkiyədə səhər çağında xaş yeməyə getmişdik. Orda 3 yaşlı uşaq gördük. O da azarkeş idi, deyir “Beşiktaş”a azarkeşlik edirəm. Təbliğat aparılmalıdı. Bunu nə Ramin Musayev, nə də Rövnəq Abdullayev etməlidi. Təbliğatı klublar aparmalıdı. Futbolçularla, məşqçi heyəti ilə fanatların görüşləri təşkil edilməlidi. İstənilən nəticədən sonra bu cür görüşlər keçirilməlidi.
 
– Bəlkə dediklərinizi klub rəhbərlərinə bildirəsiniz?
– Qarşıda bizi Topaz Premyer Liqasının püşkatması gözləyir. Görün, həmin tədbirə kimlər gələcək. Məni saymayıb gəlməyənləri görməkdənsə, elə gələn nümayəndələri görmək xoşdu. Amma reklam naminə elə tədbirlərə qatılırlar ki, həmin görüşlərin heç bir əhəmiyyəti yoxdu.
 
–  Dediklərinizin rezümesi budu ki, legioner limitinə yenidən baxılmayacaq.
–  Elədi. Heç tərəfdarı da deyiləm.
 
–  Əvəzedici komandaların çempionatını ləğv edərək, I diviziona qatmaq ideyasına münasibətiniz?
–  Belədə, təqribən 20 komandalıq çempionat yaranacaq. Klublardan bu cür təklif gəlsə, qəbul edərəm. Ancaq belədə, xərclər daha da artacaq. Çünki rayonlara gedib-gəlmək, daha çox oyun keçirmək kimi məsələlər baş qaldıracaq. Ancaq ideya kimi maraqlıdı və bəlkə də effektivdi. Ancaq gəlin bir məqama da toxunaq.
 
– Hansına?
– Premyer Liqa klubları məsələ qaldırdılar ki, əvəzedicilər əsas komandalardan sonrakı gün oynasınlar. Püşkatmadan əvvəl sorğu keçirəcəm. Əgər 8 komandanın yarıdan çoxunun baş məşqçisi əvəzedicilərin 1 gün sonra oynaması ideyasını dəstəkləsə, razılaşacam. Amma mənim də şərtim olacaq ki, əsas komandanın baş məşqçisinin heç olmasa, köməkçisi ertəsi gün əvəzedici komandasının oyununu tribunadan izləsin. Bu gün əvəzedici heyətin komandasının futbolçuları, məşqçiləri həvəslənir ki, onların oyununu əsas komandanın çalışdırıcısı izləyəcək. Bir gün sonraya saxlasaq, axı, heç kəs Qəbələdə, Gəncədə qalıb ehtiyat qüvvənin oyununu izləməyəcək!
 
–  Bəlkə bir az da puldan danışaq?
–  Mənə pul gətirmisiniz? Allah köməyiniz olsun (gülür)…
 
–   PFL-in büdcəsin vərəqələr və çempionatımızda oynayan legionerlərə görə ödənilən vəsait formalaşdırır…
–   Ancaq qırmızı vərəqələr. Sarı vərəqəyə görə pul ödəyən yoxdu.
 
–  Qarşısını ala bilmirsiniz?
–  Bu mövsüm alacağıq.
 
–  Bəlkə Premyer Liqa iştirakçılarından şərti olaraq, 20 min manat depozit yığasınız və vərəqələrə görə həmin vəsaitdən pul çıxılsın?
–  Mümkün deyil.
 
– Niyə?
– Borclarını verə bilmirlər, depoziti hardan alsınlar?
 
– 20 min depozit yatıra bilməyən klubun Premyer Liqada nə işi?
– Elə klublar var, düşünürlər ki, bu çempionat Ramin Musayev adınadı. Bəzən elə iyrənc şərtlər irəli sürürlər: “O yan, bu yan etsəniz, çıxacağıq çempionatdan”. Çıxa biməzlər. Çünki öz pullarını xərcləmirlər. Əvvəllər AFFA üzvlükhaqqı qoymuşdu. Pul ödənilirdi və bundan sonra iştirak edə bilərdin. Yəqin ki, 2018-2019 mövsümündən yenidən belə olacaq. 200 min ödə, iştirak elə. İndiki vəziyyətdə isə cərimələri ödəmirlər.
 
– Ödəmədikdə PFL niyə caza mexanizmi tətbiq etmir?
– Müsəlmançılıqdı. Üz-üzə gəlirik. Deyirik ki, təki futbolumuz inkişaf etsin. Qiymət verən isə çox azdı. Bu gün bütün Premyer Liqa klublarının PFL-ə borcu var.
 
– “Səbail”in də?
– (ucadan gülür)…
 
– Əlac edə bilmirsiz?
– Bu il olacaq. Legionerlərə iştirak etmək üçün pul ödənməyənədək, çıxış etmələrinə icazə verilməyəcək.
 
– Bəs, müsəlmançılıq?
– Yetər artıq. Xristianlığı qəbul edəcəm.
 
– Futbol həyatında baş verən bütün hadisələri idman mətbuatı işıqlandırır: pisini də, yaxşısını da. Sizcə, idman mətbuatı hansı vəsait hesabına dolanmalıdı?
–  AFFA Media Komitəsi yaradıb. Ora müraciət edin.
 
– Saytımız həmin komitənin üzvüdü. Sadəcə, ümumi şəkildə KİV-lə bağlı sual veririk.
– Deməli, alırsınız da ordan pul.
 
– İcazə verin KVN-dən sizə bir səhnəciyi xatırladaq. Maliyyə nazirinə zəng olur və özünü İveta İzrailevna GameOver kimi təqdim edən bir qadın “3 şirvan” pensiya aldığını və bu vəsaitlə necə yaşamalı olduğunu soruşur. Nazir də kalkulyatoru götürməyi, 30 mini 30 günə bölməyi və alınan “1 Məmməd”lə gündəlik tələbatını ödəməli olduğunu bildirir. Media Komitəsində ən yüksək vəsait ayda 500 manatdı. Bunu da bölün 5 əməkdaş arasında…
– Media Komitəsi yarananadək nəylə dolanırdınız?
 
– Bir neçə klub əməkdaşıq müqaviləsi imzalayıb və həmin vəsait də işçilər arasında bölünür. Olur 200 manat. İndi yenə də sual açıq qalır. Həmin jurnalist 200 manatla necə dolansın?
–  Siz də keçin olun xristian və gördüklərinizin hamısını yazın. Belədə, klublar da məcbur olub ayda 500 manat ödəyəcək.
 
–  Gördüklərimizi onsuz da yazırıq. Sadəcə, dürüst mətbu orqanları şər atmır. Bir qədər diskussiyaya çevrilsə də, sizin fikriniz maraqlıdı. Deyək ki, 8 klubdan beşi deyir ki, mənə mətbuat lazım deyil. Mətbuat da cavab olaraq, həmin klubların nə xeyrindən, nə şərindən kəlmə də yazmır. Bu fikrə münasibətiniz?
–  PFL-in büdcəsi öz əməkdaşlarına yetməyəcək. Öz evimə çörək ala bilmirəmsə, əlavə kimə çörək alıb verə bilərəm?
 
–  100 minlik futbolçu barədə 100 manatlıq jurnalist nə yazmalıdı?
–  54 mətbu orqanı var ki, idman sahəsində çalışır. Bunları necə ayıraq?
 
–  Ölkə çempionatının oyunlarına gedirsiniz. On jurnalist görürsünüz?
–  Xeyr.
 
– Bu da ayırma. Üstəlik, mətbuat xidmətiniz də bu sahədə araşdırmalar aparıb.
– Adicə bölgələrə jurnalist aparırıq və Aslan Şahgəldiyev deyir ki, mükafat qoyulmasa, gedən az olacaq.
 
– Söhbətimizi PFL-lə başlamışdıq, PFL-lə də bitirək. Gələn il rəhbəri olduğunz qurumun 10 yaşı tamam olur. Eyni zamanda özünüzün də 55 yaşınız tamam olur.
– Bu il ad günümü qeyd etməmişəm. 50 illik yubileyimi də keçirmək fikrim yox idi, sağ olsun Rövnəq məüllim, təşkil elədi. PFL-in yubileyi ilə bağlı işçilərdən utanmamaq üçün məcbur keçirəcəm. Amma heç həvəsim yoxdu.
 
– Niyə? Həyatınızın 10 ilini həsr etdiyiniz bir qurumun yubileyinə niyə belə həvəssiz yanaşırsınız?
– O əziyyətə qiymət verən yoxdu.
 
 – Və sonda. 8 il çiyin-çiyinə çalışdığınız Aslan Şahgəldiyev sizin üçün kimdi?
– Bəlkə zarafatla cavab verim?.. Aslan mənim ən əziz qohumumdu. Onun oğlunun kirvəsiyəm. Yaxşı oğlan olmasaydı, onun övladına kirvə olardımmı? 
 
– Onun PFL-ə gəlişinin tarixçəsi necə olub?
– Həmkarınız İlkin Vaqifoğlu ilə çay içirdik. O, mənə bu posta Aslanı məsləhət gördü. O vaxt “Karvan”da işləyirdi. Klub rəhbərliyi ilə əlaqə saxlayıb, xeyir-dua aldım. Bundan sonra Şahgəldiyevi dəvət etdim. Oturub söhbət etdik. Həmin söhbətdən 8 il ötür artıq… (sport24)
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm