Müsahibə
Elvin Məmmədov: "İnter"lə oyunda bəxtimiz də gətirdi"
"Qəbələ"nin futbolçusu Elvin Məmmədov keç…
"Qəbələ"nin futbolçusu Elvin Məmmədov keçmiş komandası "İnter"i səfərdə 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının 1-ci tur matçından sonra brifinq keçirib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb:
– Keçmiş komandanıza qalib gəldiz. İlk qolu da sən vurdun. Oyunundan razı qaldın?
– Sevindirici haldı ki, qol vurdum. Amma birinci oyun istər-istəməz stresli keçir. Qələbə qazansaq da, çatışmazlıq var idi. Qarşıdakı oyunlara baxmaq lazımdı.
– Son dəqiqələrdə bəxtinizin gətirdiyi ilə razısan?
– Razıyam, rəqibin qapıya doğru 2-3 təhlükəli zərbəsi oldu. Həmin anda bəxtimiz gətirdi. Bizim də fərqi artırmaq üçün şanslarımız oldu. Futbolun gözəlliyi də bundadı. Hər epizod qol olmur. Üçüncü qolu vursaydıq, oyun "sınacaq”dı. Vacib olan 3 xalla başlamaq idi, tapşırığın öhdəsindən gəldik.
– Avrokuboklardakı uğursuzluğu unuda bilmisiz?
– Avrokubok və çempionat oyunları fərqlidi. Avropa Liqasında məğlub olduq, mübarizəni dayandırdıq. İndi çempionatda yenə yüksək yerlərdən birini tutmalıyıq ki, Avropa macəramız davam etsin.
– "Qəbələ"dən fərqli olaraq, "Qarabağ” daha hazır görünür. Yenə onların çempion olacağını düşünmək olarmı?
– Çempionatın ilk oyunudu. Bu barədə danışmaq çətindi. Əlbəttə, onların oturuşmuş heyətləri var. "Qəbələ”də isə heyət hər il dəyişir, yeni simalar gəlir. Buna görə də çətinlik olur. Amma mövsüm yeni başlayıb. İndidən dəqiq fikir bildirmək olmaz.
– "Zirə"də daim top səndə olurdu. "Qəbələ"də isə bir az fərqli tapşırıqlar yerinə yetirirsən. Yeni komandanın oyun dəsti-xətti səni darıxdırmır?
– Bu, baş məşqçinin tətbiq etdiyi sistemdi. O, səni hara qoysa, harada güvənsə, orada oynamalı, maksimum çalışmalısan. Bu gün onu nə dərəcədə razı saldığımı deyə bilmərəm. Oyundan sonra aparılacaq analizlərdən dərs çıxarmaq lazımdı.