Dünya futbolu
Verner yığmamıza qarşı oynamayacaq
Futbol üzrə Almaniya millisi daha bir itki ilə üzləşib.
…
Futbol üzrə Almaniya millisi daha bir itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, hücumçu Timo Verner komandadan uzaqlaşdırılıb. Bu barədə Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Buna səbəb gənc forvardın Çempionlar Liqasının qrup mərhələsində “Beşiktaş”la səfər matçında xəsarət alması göstərilib. Belə ki, “Leypsiq”in 0:2 hesabı ilə məğlub olduğu görüşdə azarkeşlərin səsindən qulağı batan və boyun əzələsində ağrılar hiss edən Verner Bundesliqanın ötən turunda “Köln”lə matçı da buraxıb.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Azərbaycanla üz-üzə gələcək Bundestimdə baş məşqçi Yoahim Löv də Vernerin xidmətindən məhrum qalıb. O, Vernerlə yanaşı, zədəli olan Manuel Noyer, Yonas Ektor, Mario Qomes, Məsut Özil və Sami Xediranın da xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, oktyabrın 5-də Belfastda Şimali İrlandiyanın qonağı olacaq Almaniya yığması bundan 3 gün sonra Kayzerslauterndə millimizi qəbul edəcək.