Ölkə futbolu
Ramiz Məmmədov daha heç kimdən şübhələnmir
“Məlum səbəblərə görə oyunu iki hissəyə bölm&u…
“Məlum səbəblərə görə oyunu iki hissəyə bölmüşdük. Uşaqlara tapşırıqları lazımi qədər çatdırmışdıq” – bu sözləri “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində “Qəbələ”nin qonağı olan paytaxt təmsilçisi 0:3 hesablı məğlubiyyətlə üzləşib. Matçdan sonra keçirilən mətbuat konfransında Məmmədov məğlubiyyəti şərh edib:
– Komandanın tərkibində futbolçuların sayı kasad idi. Bunu təkrarlamağa ehtiyac yoxdu. Təcrübəsiz futbolçuların kiçik səhvlərindən oyunu uduzduq. Ümumilikdə, komanda verilən tapşırıqları yerinə yetirdi. İkinci hissədə oyunu əks-hücumların üzərində qurmuşduq. Matçdan ümumilikdə razı qalsam da, hesabdan narazıyam.
– Bugünkü məğlubiyyətə görə şübhələndiyiniz futbolçu varmı?
– Xeyr. Uşaqlar çox yaxşı futbol oynadılar. Nəyi bacarırlarsa, onu da göstərdilər. Meydanda savaş var idi. Sadəcə, təcrübəsizdilər, gəncdilər. Buna görə də, səhv etməklərinə bəraət qazandırmaq olur.
– Bu komandanı qış fasiləsində yenidən qurmaq lazımdı?
– 3-4 nəfərlə nəsə dəyişiklik etmək olmaz. Qış fasiləsində ən azı 6-7 futbolçu lazımdı. Təcrübəsizlik özünü göstərir. İkinci yarıda rəqiblərin asan qalib gəldiyi komanda olmayacağıq. Həm çempionat, həm də kubokda bacardığımız qədər irəliləməyə çalışacağıq.
– Nizami Hacıyev və Mirhüseyn Seyidovun 6 matçda oyun satması deyilirdi. Lakin Seyidov yalnız “Neftçi” ilə görüşü bilərəkdən zəif keçirdiklərini bildirib…
– Artıq nəsə demək istəmirəm. Lazım olan açıqlamalar verilib. UEFA-nın səlahiyyətli nümayəndələri məsələyə baxıblar. Bundan sonrakı sualları həmin uşaqlara ünvanlandıra bilərsiz.
– Fuad Bayramovun da adı bu məsələdə hallanırdı…
– Əgər Fuad bu gün yanımızdadısa, zədələnməyənə qədər əvəzləmədimsə, deməli, onunla bağlı problem yoxdu. (apasport.az)