Ölkə futbolu
Saul “Qarabağ”dan kömək gözləyir
“Bizi yalnız “Çelsi” ilə oyun maraqlandır?…
“Bizi yalnız “Çelsi” ilə oyun maraqlandırır. Başqa heç nə haqda fikirləşmirik” – bu sözləri “Atletiko”nun futbolçusu Saul Niges deyib.
Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan Madrid klubu sonuncu tur çərçivəsində bu gün “Çelsi”nin qonağı olacaq. “Atletiko” növbəti mərhələyə adlamaq üçün Londondan qələbə ilə qayıtmalı və “Roma”nın “Qarabağ”la görüşdə xal itkisinə ümid etməlidi.
“Marca” nəşrinə açıqlama verən Saul “Çelsi” ilə oyunun vacibliyindən danışıb. 23 yaşlı yarımmüdafiəçi paralel olaraq İtaliyada keçiriləcək qarşılaşmada “Qarabağ”ın sürpriz nəticəyə imza ata biləcəyini də istisna etməyib: “Londonda meydana yalnız qələbə üçün çıxacağıq. Başqa nəticə bizi qane edə bilməz. Son vaxtlar yaxşı oynayırıq, komandada qələbə ruhu yenidən formalaşıb. Bunu qorumaq lazımdı. “Çelsi”yə qalib gəlmək çox vacibdi. Bəlkə də digər oyunda “Qarabağ” bizə kömək edəcək”.
Qeyd edək ki, “Stemford Bric”də keçiriləcək “Çelsi” – “Roma” görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.