Ölkə futbolu
Yunis Hüseynov istədi, “Kəpəz”də yeni məşqçi təyinatları gerçəkləşdi
"Kəpəz"in əvəzedici və U-19 komandalarının yeni baş …
"Kəpəz"in əvəzedici və U-19 komandalarının yeni baş məşqçiləri müəyyənləşib.
Futbolinfo.az “Sport24”ə istinadən xəbər verir ki, əvəzedici heyətin yeni çalışdırıcısı Ceyhun Tanrıverdiyev təyin olunub. 45 yaşlı mütəxəssis bunadək U-17 yığmamızda baş məşqçi Mirbağır İsayevin köməkçisi olub.
Tanrıverdiyevun köməkçisi Mətləb Məmmədov olacaq. Bir müddət öncə "Kəpəz"dən çıxarılan gənc mütəxəssis baş məşqçi Yunis Hüseynovun vaxtında qaytarılıb. O, eyni zamanda klubda aşağı yaş qruplarından ibarət komandaların koordinatoru olacaq. Tanrıverdiyev futbol oyadığı vaxtda Hüseynovla "Neftçi"də komanda yoldaşı olub. 36 yaşlı Məmmədov isə Hüseynovun rəhbərliyi altında "Karvan"da oynayıb.
"Sarı-göylər"in U-19-unun yeni məşqçiləri də Gəncə futbol məktəbinin yetirmələridi. Bunlar baş məşqçi Anar Kələntərovla köməkçisi İlqar Hüseynovdu. Hər ikisi vaxtilə "Kəpəz"də oynayıb.
Xatırladaq ki, əvəzedici heyətin baş məşqçisi Azər Məmmədov köməkçisi Vasif Vəliyev və U-19-un çalışdırıcısı Ceyhun Əhmədovla köməkçisi Fuad İsmayılov yenicə vəzifələrindən çıxarılıblar.
"Kəpəz"in əsas komandasında da yeni məşqçilər olacaq. Bu haqda məlumat verən baş məşqçi Yunis Hüseynov özünə yeni köməkçi götürdüyünü bildirib. Ancaq o, hələ ki, ad açıqlamamağı üstün tutub:
“Onu deyə bilərəm ki, yeni köməkçimi artıq müəyyənləşdirmişəm. Daha bir köməkçi də götürmək fikrindəyəm. Bu, fiziki hazırlıq üzrə əcnəbi mütəxəssis olacaq. Hazırda axtarışdayam və bunun postsovet məkanından, yoxsa Avropadan olacağını müəyyənləşdirəcəyəm".
Hüseynov sələfi Şahin Diniyevin vaxtındakı köməkçi məşqçilərdən Vidadi Rzayev və qapıçılarla işləyən Nadir Şükürovla işbirdliyini davam etdirəcəyini bildirib. Ancaq təcrübəli mütəxəssis "Kəpəz"in əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədovla köməkçisi Vasif Vəliyevlə və U-19-un baş məşqçisi Ceyhun Əhmədovla köməkçisi Fuad İsmayılovun vəzifələrindən çıxarılmalarını məqsədəuyğun sayıb:
“Bəli, onlarla bağlı qərarı mən vermişəm. Onların göndərilməsinin dəhşətli bir səbəbi yoxdu. Sadəcə, hər iki komandanın zəif çıxışına görə məşqçilərini dəyişməyi qərara aldım. Düşündüm ki, həm əvəzedici, həm də U-19 komandamıza yeni nəfəs lazımdı. Onların yerinə çalıçacaqlar baş məşqçi və köməkçilərini də müəyyənləşdirmişəm".
Xatırladaq ki, "Kəpəz"in əvəzedici və U-19 komandasına yeni baş məşqçilər Ceyhun Tanrıverdiyevlə Anar Kələntərov təyin olunub. Onlara müvafiq olaraq Mətləb Məmmədovla İlqar Hüseynov yardımçı olacaq.