Ölkə futbolu
Axundovun məşqçi eksperimenti
Zaur Axundov deyəsən, pul tapıb. Elə olmasaydı, bataqlıqda olan,…
Zaur Axundov deyəsən, pul tapıb. Elə olmasaydı, bataqlıqda olan, futbolçuları maaş üzünə həsrət qalan “Keşlə”ni əcnəbi məşqçiyə tapşırmazdı.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bu gün yeni məşqçisini tanımalıdı. Möcüzə baş verməsə, 49 yaşlı ukraynalı Yuri Maksimov komandanın yeni “sükançı”sı kimi təqdim olunacaq. “Keşlə”ni son 4 çempionat matçına çıxaran Ramiz Məmmədov isə əvvəlki vəzifəsinə – əvəzedici heyətin koordinatoru postuna qayıdacaq.
Maksimovla 6 aylıq, yəni cari mövsümün sonunadək müqavilə imzalanacaq. Onun qarşısında konkret vəzifə – avrokuboklara vəsiqə qazanmaq qoyulacaq ki, bu da klubda gələcək taleyinə birbaşa təsir göstərəcək.
Futbolçu karyerası dövründə "Verder"də çıxışıyla tanınan, Kiyev "Dinamo"sunun da futbolçusu olan Maksimov məşqçiliyə 2005-ci ildə Minsk "Dinamo"sunda köməkçi olaraq başlayıb. O, 2006-2013-cü illərdə vətənində MOİK, "Obolon", "Krivbass", Donetsk "Metallurq"unun baş məşqçisi olub. Son 4 ildə isə yenidən vətəndən kənarda çalışan Maksimov Rusiyada "Mordoviya" (2013/14) və Qazaxstanda "Taraz" klublarını (2016) çalışdırıb.
Əlahiddə uğuru və işi ilə seçilməyən Maksimovun hansı məqsədlə gətirildiyini bilmirik. Güman ki, rəhbərlik əcnəbi xəstəliyinə tutulub və araşdırmalardan sonra bu məşqçi məsləhət bilinib. Amma unutmayaq ki, ukraynalının futbolumuza uyğunlaşması üçün xeyli vaxt lazım gələcək. “Keşlə”nin heyətinin yenidən yığılacağını nəzərə alsaq, 6 ay ona kifayət etməyəcək. Bu səbəbdən Müşahidə Şurasının sədri Axundovun verdiyi qərar səhv və yersizdi. Ya yeni məşqçi indi gəlməməli, ya da onunla 56 aylıq yox, daha uzun müddətə müqavilə bağlanmalı, ona komanda quruculuğu tapşırılmalı idi.
“Keşlə” kubokun yarımfinalındadı. Avropa Liqasına getmək üçün yeganə şans elə bu turnirdi və “Sumqayıt”I adlamaq, sonra da finalda qalib gəlmək kifayət edir. Belə bir tarixi şans ayağa gəlmişkən, eksperiment aparmaq Zaur bəyə baha başa gələcək. Axundov əcnəbiyə qucaq açmaqdansa, ölkə futboluna bələd olan yerli mütəxəssislərdən biri ilə yola davam etsəydi, daha yaxşı olardı. Komandanı yarımfinala çıxaran, eləcə də danışılmış oyunlar qalmaqalına səbəbkar olub, Axundovun məğlub imicini təmizləyən Ramiz Məmmədova da güvənmək olardı.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”